Timsah qadını yedi

4 Fevral 2015 09:50 (UTC+04:00)

Uqandadan olan Mubalak Batambuze özünün hamilə arvadını və daha altı nəfər yerli sakini yeyən nəhəng timsahı izləyərək öldürüb.

Yerli hakim dairələrin verdiyi məlumata görə, öldürülmüş timsahın uzunluğu 7,5 m, çəkisi isə bir tona yaxın olub.

Balıqçı Batambuzenin arvadı Demeteriya Nabuire Uqandanın şərq hissəsində yerləşən Kioqa gölünün sahilində timsahın qurbanına çevrilən vaxt hamiləliyinin səkkizinci ayında olub. Hadisənin baş verdiyi yerdə qadının ayaqqabıları və mobil telefonu aşkar edilib.

Mubalak Batambuze timsahı izləyib və onu harpunla (böyük dəniz heyvanlarını ovlamaq üçün nizə) öldürüb. Onun qarnında insan sümükləri və paltar aşkar edilib. Mütəxəssislərin sözlərinə görə, hamilə qadını məhz həmin timsah yeyib. Qeyd edək ki, hər il Uqandada 30-a yaxın adam timsahların qurbanına çevrilir.