Maddələr mübadiləsinin necə işlədiyi məlum olub

4 Fevral 2015 10:00 (UTC+04:00)

Sent-Luis Universitetindən olan Endrü Batler müəyyən edib ki, piyin və ya qida qəbulu və aclıq zamanı şəkərin yanması prosesini tənzimləyən adropin diabet xəstəliyi olan kök adamlarda insulin reaksiyasını yaxşılaşdıra bilər. Bu nəticə heyvanlar üzərində keçirilən eksperimentlərin gedişində əldə edilib.

Alimlər adropin haqqında az məlumata malikdirlər. Onun haqqında ilk dəfə təqribən altı il əvvəl danışılıb.

Və yalnız məlumat verilib ki, hormon maddələr mübadiləsinin saxlanılmasında mühüm rol oynayır.

Batlerin tədqiqat qrupu bu məsələni tədqiq etmək qərarına gəlib.

Mütəxəssislər siçanlarda adropinin göstəricilərini hesablayıblar. Məlum olub ki, göstəricilər aclıq vaxtı aşağı düşüb. Yemləndikdən sonra isə hormon fəallıq göstərməyə başlayıb. Buradan belə bir nəticəyə gəliblər ki, qida qəbulu ilə hormonun funksiyaları və maddələr mübadiləsindəki dəyişikliklər arasında əlaqə vardır, yəni hormon enerji homeostazında iştirak edir.

Adətən, insan qidalanan zaman qlükozadan enerji mənbəyi kimi istifadə edir. Və adropinin ifrazı əzələlərdə şəkərin işləmə prosesini yaxşılaşdıraraq buna səbəb olur. Aclıq zamanı isə bədən yağ turşusundan istifadə etməyə üstünlük verir, həmçinin adropin hormonu öz aktivliyini azaldır.

Görünür, kök adamlarda bu hormonun azalması diabetə və bədənin şəkərdən düzgün istifadə etməməsinə gətirib çıxarır.