Müxalif düşərgə daha acınacaqlı duruma düşür

4 Fevral 2015 10:15 (UTC+04:00)

Qarşıdan parlament seçkiləri gəlir. Bu ərəfədə siyasi partiyalar tədricən də olsa prosesə hazırlığa başlayırlar. Radikal müxalifət də seçkilərə hazırlığa başladığını nümayiş etdirmək istəyir. Lakin məsələ ondadır ki, parlament seçkilərinə bir neçə ay qaldığı dövrdə radikal müxalifət daxilində ziddiyyətlər son dərəcədə kəskinləşib. Müsavat Partiyası ilə AXCP indi bir-birinə düşmən gözü ilə baxırlar. AXCP fəaliyyətini artıq son dərəcədə zəifləmiş Milli Şurada görürsə, Müsavat seçkilərə bu dəfə təkbaşına getmək niyyətindədir. Lakin Müsavatın öz daxilində də qurultaydan sonra yaranan gərgin atmosfer aradan qaldırılmayıb. Əksinə, bu müstəvidə də ziddiyyətlər dərinləşir. Deməli, onsuz da zəif olan müxalif düşərgə seçkilər ərəfəsi daha ağır bir durumla üz-üzə qalacaq. Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifətin seçkilərdə ağır məğlubiyyətə düçar olduqlarının qaçılmaz olduğunu bildirdi: "Radikal müxalifət daxilində ziddiyyətlərin dərinləşməsi qanunauyğun bir hal idi. Müxalifət məntiqi ardıcıllıqla sonluğuna doğru gedir. Radikal müxalifət, "Yer bərk olanda, öküz-öküzdən görər" prinsipilə hərəkət edir. Onların iqtidara gücü çatmadığından, hazırda bir-birini gözdən salma taktikasına keçiblər. Onlar arasında səmimilik aradan qalxıb, düşmən əhval-ruhiyyəsi o dərəcədə böyüyüb ki, aralarında barışığa yer də qalmayıb. Formal münasibətlərindən sonra adi görüşləri belə lağ obyektinə çevrilir. Müxalifət birlikdə nəyəsə nail ola bilmədiyi halda, ayrı-ayrılıqda fəaliyyətləri ümumiyyətlə, heç nəyə yaramayacaq. Ona görə də onlar arasında birgə fəaliyyət göstərəcəkləri istiqamətində səylərin puç olacağı indidən heç kimdə şübhə doğurmur. Ümumiyyətlə, bu qüvvələr qeyri-səmimi olduqlarından blok da yarada bilməyəcəklər. İkincisi, blok yaradılsa da, qeyri-səmimi olduqlarından daha çox sosial baza onlardan imtina edəcək. Bir-birinə bu qədər kəskin şəkildə nifrət edənlərin formal birliyi kimə lazımdır. Düşünürəm, seçki ilində öz başlarına elə bir iş gətiriblər ki, nə birləşmək, nə də müvəffəqiyyət qazanmaq şansları qalıb. Onlar sadəcə olaraq, dünyada, ölkədə hansısa bir situasiyanın dəyişməsi ümidi ilə yaşayırlar. Bu yöndə müəyyən addımlar atmaq arzusundadırlar. Milli Şuranın bir namizədi müdafiə etməyə gücü olmadısa, parçalandısa, bu qədər deputat siyahıları verib, onları müdafiə etmək onlar üçün daha çətin olacaq. Müxalifətin bir hissəsi bu haldadır. Ona görə də müxalifətin məğlubiyyəti və bu fonda aralarında münasibətlərin daha da gərginləşməsi, sıralarının bir daha seyrəlməsi qaşılmazdır".

Azad Demokratlar Partiyasının sədri Kamil Seyidov da düşünür ki, daxili ziddiyyətlər müxalifətə böhranlı durumun daha da dərinləşməsini vəd edir: "Hazırda siyasi arenada iqtidarın daha da gücləndiyi müşahidə olunur. Mövcud iqtidar özünün yeritdiyi siyasətlə xalqın böyük hissəsinin etimadını qazanıb. Müxalifəti dəstəkləyən az qüvvə isə məyus hala düşüb, bir çoxları mübarizədən çəkinməyə üstünlük verir. Belədə, yerdə müxalifət ətrafında daha az qüvvə qalır. Onlarda ki, hazırda bir-birilə didişməklə məşğuldur. Belə bir mənzərənin mövcud olduğu fonda sözsüzdür ki, müxalifət daha ağır günə düşəcək. Müsavatla AXCP çoxdan bir-birini görmək istəmir. İndiyə kimi bir yerdə olmaları da istəkdən deyil, ancaq məcburiyyətdən irəli gəlirdi. Artıq onlar arasında bütün körpülər yanıb. Ona görə də müxalifətin əsasını təşkil edən bu iki qüvvə seçkilərə artıq parçalanmış vəziyyətdə gedirlər. Bu, belə də olmalı idi. Çünki, yuxarıda qeyd etdiyim kimi, onların bu günə qədər bir yerdə təmsil olunmaları ancaq məcburiyyətdən irəli gəlirdi. Zəif müxalifətin seşkilərə də dağınıq halda getməsi onların artıq partiyalardan daha çox dərnəklərə çevrildiklərinə bir misaldır. Daxili ziddiyyətlər bu qüvvələr arasında o dərəcədə dərin kök salıb ki, onlar birləşməyi belə yaxın buraxmırlar. Belə bir fonda qarşıdan gələn parlament seçkilərində radikal müxalifətin bu günə kimi görünməyən dərəcədə sarsıdıcı məğlubiyyətə düçar olacağları tam şəkildə aydındır. Onlar onsuz da birlikdə olduqda belə məğlubiyyətdən yaxa qurtara bilməyəcək. Lakin dağınıq halda onlar üçün bu məğlubiyyət daha sarsıdıcı olacaq".