Pilotu yandırılan İordaniya qana-qan dedi

4 Fevral 2015 09:55 (UTC+04:00)

Pilot Muaz əl Kasasbehin İŞİD terror qruplaşması tərəfindən edam olunması İordaniyada kütləvi iğtişaşlara səbəb olub.


Movqe.az məlumat verir ki, APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Skynews Arabia telekanalı məlumat yayıb. Əl-Karak yaşayış məntəqəsində girovun dəmir qəfəsdə yandırılmasını əks etdirən video əhalinin böyük hiddətinə səbəb olub.

Etirazçılar ölkənin digər şəhərlərində də küçələrə axışıblar. Belə ki, Ey şəhərində etirazçılar polis məntəqəsini, Əl-Mazar şəhərində isə bir neçə inzibati binanı yandırıblar.

İordaniya hakimiyyəti pilotunun edam olunmasına cavab olaraq İŞİD terror qruplaşması ilə əlaqəli iki terrorçunu edam edib.


APA-nın "TASS"-a istinadən verdiyi xəbərə görə, ölüm hökmü İordaniya paytaxtında 2005-ci ildə 60 nəfərin ölümü ilə nəticələnən üç partlayışın törədilməsində ittiham olunan İraq vətəndaşı Səcidə ər-Rişavi barəsində icra edilib.

Həmçinin daha çox Əbu Hədifə adı ilə tanınan Ziyad əl Karbuli edam olunub. Ziyad əl Karbuli 2007-ci ildə xüsusi xidmət orqanları tərəfindən məhv edilən "Əl Qaidə"nin İraq qolunun rəhbəri Əbu Musab əz-Zərkayinin yaxın silahdaşı olub.

Qeyd edək ki, İordaniya hökuməti bir neçə saat əvvəl İŞİD silahlılarının iordaniyalı pilot Muaz əl Kasasbehi edam etməsinə cavab olaraq yaxın saatlarda İŞİD-lə əlaqəli olan 6 terrorçunu edam edəcəyini açıqlayıb.

Xatırladaq ki, İŞİD girovda saxladığı iki Yaponiya vətəndaşını və iordaniyalı pilotu edam etməzdən əvvəl onları azad etmək üçün İordaniyada həbsdə saxlanılan Səcidə ər Rişavinin azadlığa buraxılmasını tələb edirdi.