Nazirlik ana ölümünün səbəbini açıqladı

4 Fevral 2015 10:45 (UTC+04:00)
Səhiyyə Nazirliyi Lənkəran Mərkəzi Xəstəxanasında baş verən ana ölümü ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Movqe.az-a Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. A. Qədirli deyib ki, artıq ana ölümü faktı ilə bağlı sənədlərin Doğuşayardım Komissiyasına daxil olduğunu, Komissiya tərəfindən araşdırılır. A. Qədrili bildirib ki, fevralın 2-də Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsinə Nuriyeva Rəhimə Şahəli qızı qanaxmayla gətirilib: "Dərhal qadın əməliyyata götürülüb. Uşağın həyatını xilas etmək mümkün olsa da, ana dünyasını dəyişib. İlkin diaqnoz kimi anaya qanaxmadan yarananan şok diaqnozu qoyulub. Amma meyid tibbi ekspertizadan keçirilir". 

ANS PRESS-in məlumatına görə, ölüm hadisəsi fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb. Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Rufullayeva Mehparə Cəzail qızı edib.  Bu 29 yaşlı qadının 3-cü hamiləliyi olub. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir. Lənkəran rayon Prokurorluğundan doğuş zamanı ölüm faktı baş verməsi təsdiqlənib. Lakin mərkəzi rayon xəstəxanasından bu barədə məlumatsız olduqlarını deyiblər. Qeyd edək ki, adıçəkilən xəstəxanada 24 oktyabr 2014 tarixində ana ölümü baş verib. Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Məmmədova Xoşqədəm Yədulla qızı da qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi.