Nazirlikdən işçilərin ixtisarı ilə bağlı açıqlama

4 Fevral 2015 13:03 (UTC+04:00)
Vergilər Nazirliyi vergi orqanlarında ixtisarla bağlı yayılan məlumatlara aydınlıq gətirib. Movqe.az-a Nazirlikdən verilən açıqlamaya görə, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə Vergilər naziri Fazil Məmmədovun 26.12.2014-cü tarixli əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb. Ləğv edilmiş Departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış Departamentdə işlə təmin olunub, bu zaman ixtisarlara yol verilməyib, əkisnə Departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib. Məlumat üçün bildiririk ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biridir. Yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir.