Avropa İttifaqı Qarabağ münaqişəsinin həllinə cəlb edilir

5 Fevral 2015 09:00 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya son səfərindən sonra rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinin həllində aktivləşdiyi hiss olunur. Belə ki, ilk olaraq Almaniya kansleri Angela Merkel ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olmaq istədiyini açıqladı. Bundan başqa, Almaniyanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Uve Halbax Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində vasitəçiliyi Avropanın daha geniş vasitəçilik fəaliyyətinin hissəsi ola biləcəyini açıqladı. U.Halbax həmçinin, Avropa İttifaqının bu formatda mümkün iştirakının müzakirə olunduğunu da bildirdi. Almaniya Xarici Işlər Nazirliyini bəyan edib ki, ATƏT-in Minsk Qrupunun səylərinə dəstək üçün Avropa İttifaqı prosesə daha səmərəli şəkildə cəlb olunmalıdır: "Minsk Qrupunun səylərinə dəstək vermək üçün biz Avropa İttifaqının da daha səmərəli şəkildə prosesə cəlb olunmasını istəyirik. Məsələn, Avropa İttifaqı etimad yaradacaq tədbirlər vasitəsilə nizamlanma prosesində iştirak edə bilər". Son zamanlar cəbhədəki gərginliyin artmasından narahatlıq ifadə edən AlmaniyaXİN əlavə edib: "Biz davamlı dialoqlar zamanı tərəfləri çağırırıq ki, monitorinq mexanizminin pozuntuları daha yaxşı araşdıracağı və qarşısını alacağı ilə razılaşsınlar. Minsk prosesinin irəliləməsi üçün əsas şərtlərdən biri də atəşkəs sazişinə hörmət etmək və dəstəkləməkdir".

Minsk qrupunun indiki formatının və fəaliyyətinin yararsız olduğundan Aİ-dən Almaniyanın iştirakı ölkəmiz tərəfindən də hər zaman müsbət qarşılanır. Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu bildirdi ki, Avropa İttifaqının əsas aparıcı üzvlərindən biri olan Fransa, Avropa İttifaqının təmsiliçisi kimi yox, Fransanın təmsilçisi kimi iştirak edir: "Ümumiyyətlə, müəyyən zamanlarda Avropa İttifaqının bu məsələlərdəki sülhyaratma missiyasında rolu olub. Məsələn, Balkanlarda baş verən hadisələrdə rol oynadı. Bundan başqa, 2008-ci ildə də Rusiyanın Gürcüstana hücumu zamanı xüsusi ilə Fransanın iştrakı ilə prosesdə iştirak etmişdi. Amma bunlar konkret olaraq müharibə prosesləri idi. Dağlıq Qarabağla bağlı problem isə uzun müddətdir davam edir. Uzun müddətdir davam etdiyi üçün bundan sonra Avropa İttifaqının burada hansı statusla iştirak edəcəyi bilinmir. Onda gərək Minsk qrupunun tamamilə şəkli dəyişmiş olsun. Çünki, Minsk qrupunun quruluşunda Avropa İttifaqı yer almır. Xüsusi ilə Avropa İttifaqının proseslərdə rolundan danışıla bilməz. Almaniya həmsdər olmasa da, Minsk qrupunda onun rolunun artmasından söhbət gedə bilər. Ancaq Almaniyanın fərdi şəkildə iştirakı konkret olaraq nəyisə dəyişdirməyəcək. Çünki, nəticə olaraq Avropa İttifaqından Fransanın iştirakı konkret nəyisə dəyişməyib. Yalnız tərəflər arasında müharibə ortaya çıxarsa, o zaman Avropa İttifaqı birbaşa olaraq iştirak edə bilər. Amma o vaxta qədər Avropa İttifaqının bu prosesə qoşub münaqişənin həlli ilə əlaqədar nəyəsə nail olacağını inandırıcı görünmür".

Politoloq Qabil Hüseynli bildirdi ki, onsuz da uzun müddətdir Minsk qrpunun formatı üzərində müxtəlif variantlar müzakirə olunur: "Əvvəl belə hesab edirdilər ki, Avropa İttifaqının xarici işlərə cavabdeh şəxsi Ketrin Eşton Avropa İttifaqının təmsilçisi kimi oraya qatılsın. İndi isə diqqətlər Almaniyanın üzərinə yönəlib. Almaniya da bu işə razıdır. Hər bir halda Almaniya Fransadan daha obyektiv mövqe tuta bilər. Çünki, Fransa Rusiya qədər Ermənistanı müdafiə edir. Almaniya Avropa İttifaqının lokomatividir. Almaniyasız Avropa İttifaqı hansısa problemi həll etmir. Almaniya ölkənin təmsilçisi kimi yox, Avropa İttifaqının təmsilçisi kimi oraya daxil ola bilər. Amma formatın dəyişməsi təkcə Almaniya ilə bitməməlidir. Azərbaycan-Ermənistan münqişəsi artıq xristian-müsəlman münaqişəsi mahiyyəti almağa başlayıb. Bu nöqteyi-əzərdən Minsk qrupunda hamısı xristian dövlətləri olmamalıdır. Oraya heç olmasa, bir müsəlman ölkəsinin nümayəndəsi də daxil edilməlidir. Bu gün həmsədr olmasa da, Minsk qrupunda bir müsəlman öləkəsinin təmsilçisi -Türkiyə var. Türkiyənin həmsədr qrupuna daxil edilməsi az da olsa, tarazlıq yaratmağa xidmət edə bilər. Belə olduğu təqdirdə proseslər nisbətən öz həll yolunu ala bilər. Azərbaycan da məhz bunun uğrunda mübarizə aparır. Ölkəmiz formatın dəyişdirilməsinə nail olmaqda iddialıdır".