Avropa dünya üçün yeni böhranın mərkəzinə çevrilir

5 Fevral 2015 09:40 (UTC+04:00)

"Avropa Birliyi ölkələri ilə Yunanıstan arasında qarşıdurma dünya iqtisadiyyatı üçün əlavə risklər yaradır". Bu açıqlama ilə Böyük Britaniyanın maliyyə naziri Corc Osborn çıxış edib.

Qeyd edək ki, hazırda qədim Ellada elində hakimiyyətə sol radikallar gəlib. Bu qüvvələr isə hətta ölkələrinin avrozonadan çıxacağı şüarını gündəmə gətiriblər. Bundan başqa, Yunanıstan bir il bundan öncəyə qədər dərin böhran içində idi. Onun bu böhrandan çıxmasına yardım etmək üçün Avropa Birliyinin aparıcı ölkələri, beynəlxalq maliyyə qurumları Yunanıstana müəyyən şərtlər daxilində maliyyə dəstəyi də göstərib. Lakin sol radikalların hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib. Maraqlıdır, Yunanıstana görə Avropada və dünyada yeni böhran mümkündürmü? Bu hal dünya iqtisadiyyatına nə vəd edir?

İqtisadiyyat və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Bayramov yeni böhranın baş qaldıracağını güman etmir: "Ümumiyyətlə, güman olunmur ki, yaxın zamanlarda avrozonada yeni böhran dalğası formalaşsın. Praktik olaraq, avrozona xüsusən də avronun məzənnəsinin aşağı düşməsi fonunda öz ixrac qabiliyyətini artırmaq imkanlarına malik oldu. Öz ixrac qabiliyyətini artırdığından təbii ki, avrozona 2015-ci ildə ötən ilə nisbətən daha artıq iqtisadi artıma nail olacağını güman etmək olar. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi də avrozonaya müəyyən inkişaf imkanları yaradıb. Ucuz neft aldığından avrozona birmənalı şəkildə ümumdaxili məhsulun müəyyən hissəsinə qənaət edə bilir. Eyni zamanda istehsal ucuz başa gəlir. Bu hal da əhəmiyyətli məqamlardan biridir. O baxımdan indiki halda avrozonada böhran olacağı proqnozlaşdırılmır. Lakin bütün bunların fonunda Yunanıstanın avrozonadan çıxması reallaşarsa, bu, artıq həmin məkanda yeni bir avro böhranının yaşanmasına gətirib çıxaracaq ki, o da dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Avropa Birliyində dünya ümumdaxili məhsulunun 24 faizi formalaşır. Bu baxımdan avrozonada başlanan hər hansı böhran növbəti mərhələdə dünya üçün çətinlik yarada bilər. Hələliksə mövcud vəziyyət avrozona üçün böhran vəd etmir. Yunanıstan parlamentində ölkənin avrozonada qalmasında maraqlı olmayan partiyanın qalib gəlməsi ölkənin bu məkandan çıxması ehtimalını daha da gücləndirir. Bununla yanaşı, Yunanıstanın bu zonadan çıxması həmin ölkənin özü üçün də ciddi problemlər formalaşdıracaq. Ona görə hələlik Yunanıstan avrozonadan çıxmaqda meylli görsənmir. Güman olunur ki, Yunanıstan avrozonadan çıxmaq məsələsini zaman-zaman gündəmə gətirməklə Avropa Birliyindən daha çox maliyyə dəstəyi almağa çalışır. Belədə Yunanıstanın avrozonadan çıxması o zaman reallaşa bilər ki, Avropa Birliyindən gözlədiyini ala bilməsin".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də bu qənaətdədir ki, belə tendensiyalar böhrana gətirib çıxarmayacaq: "Bilirsiniz ki, Böyük Britaniya Avropa Birliyindən çıxmaq istəyir. Ona görə də birliyin dağılmasında maraqlı olduğundan da bu istiqamətdə bir bəhanə axtarır. Yunanıstanın da vəziyyəti çox ağırdır. Avropa Birliyi Yunanıstana görə daim problemlərlə üzləşir. İstənilən halda birliyin hər hansı bir üzvünün oranı tərk etməsi adı çəkilən qurumun gələcəyi ilə bağlı müəyyən suallar yaradır. Amma Avropa Birliyi təkcə iqtisadi birlik deyil. Daha çox siyasi birlikdir. Bu baxımdan bölgədə böhranın başlana biləcəyi istiqamətində ciddi təhlükə görmürəm. Əslində, avronun ucuzlaşmasının birliyə xeyri var. Çünki, avro ucuzlaşanda avrozona məhsullarının ixrac potensialı da artır. Xüsusən də Fransa və Almaniya kimi Avropa Birliyinin lokomotivi olan dövlətlərin iqtisadiyyatı ixrac üzərində qurulub. Ümumən götürəndə Yunanıstanla Avropa Birliyi arasında gərginlik bu zona üçün müəyyən təhlükələr yarada bilər. Amma, dünya iqtisadiyyatına Yunanıstanın avrozonadan çıxmasının hər hansı təhlükə yaradacağına inanmıram".