Qərbli gənclər kürdlərə qoşulub İŞİD-lə vuruşur

5 Fevral 2015 15:48 (UTC+04:00)

Movqe.az virtualorg.az-a istinadən xəbər verir ki, "Associated Press" agentliyi İraqda kürd döyüşçülərinə qoşulub "İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı savaşan qərblilərdən yazır.

28 yaşlı Cordan Matson ABŞ-ın Viskonsin ştatının Störtevant şəhərindəndir. ABŞ ordusunun keçmiş əsgəridir.

"Savaş bitməyincə, İŞİD məhv edilməyincə geri dönən deyiləm. Qərara gəldim ki, hökumətim bu ölkəyə kömək etmirsə, onda mən nəsə etməliyəm. Biz bu ölkədə olanda kürdlər 10 il yanımızda durub" - deyə C.Matson bildirir.

C.Matson hazırda kürdlərlə birlikdə savaşan onlarla qərblidən biridir. Hələlik ABŞ koalisiyası ekstremistləri havadan bombalayır. Kürdlər deyirlər ki, daha çox qərblinin quru əməliyyatlarında onlara qoşulacağına ümid edirlər.

Kürdlər döyüşçü tapmaq üçün internetə üz tutublar, "Rocava şirləri" adlı facebook səhifəsi də yaradıblar. Deyirlər ki, "terrorçuları cəhənnəmə göndərmək, insanlığı xilas etmək istəyirlər".

Matson, iki başqa amerikalı və bir avstraliyalı danışır ki, kürdlərə facebookun köməyi ilə qoşulublar. Həmin səhifəni YPG - Suriyanın şimalında və İraqda döyüşən kürd hərbi birləşməsi idarə edir.

Digər əcnəbi döyüşçülər adlarının çəkilməsini istəməyiblər. Ailələrinin reaksiyasından, geri qayıdandan sonra mümkün hüquqi problemlərdən çəkiniblər.

"Associated Press" yazır ki, ABŞ amerikalıların İŞİD qrupuna qarşı vuruşmasını qadağan etmir. Ancaq Türkiyədə mənzillənən Kürd Fəhlə Partiyasını PKK) terrorçu təşkilat sayır. PKK YPG ilə birlikdə Sincar və Suriyanın Kobani şəhərində savaşır.

Avstraliya isə vətəndaşlarının ölkə ordusundan başqa hərbi qüvvə daxilində vuruşmasını yasaqlayıb. Avstraliya Suriyanın Rəqqa vilayətinə səyahəti kriminallaşdıran ilk ölkələrdəndir. İŞİD oranı "xilafəti"nin paytaxtı elan edib.

ABŞ-ın Bağdaddakı səfirliyindən kürdlərlə birlikdə vuruşan amerikalılar barədə məlumat almaq mümkün olmayıb. Həm əcnəbilər, həm də kürdlər onların sayının onlarla olduğunu deyir.

Bəzi gənc YPG döyüşçüləri qərblilərlə zarafatlaşır, yerli kürd ləhcəsində danışırlar.

Sincardakı əcnəbi döyüşçülər deyirlər ki, mümkün qədər çox qərblini müharibəyə cəlb etməyə çalışırlar. Ən çox da hərbi təlim görmüşlərə üstünlük verilir, çünki gənc kürd döyüşçülərdən çoxu təcrübəsizdir. Gənclər öldürülmüş İŞİD yaraqlılarının silah-sursatını ələ keçirir. Onların zirehli geyimi də yoxdur.

Bir amerikalı və bir niderlandlı döyüşçü ötən həftə yaralanıb.

"Nəyə girişdiyini bilməlisən. Əlində bir güllədir, bir də yorğan. Bəzən də yalnızca çörək. Ancaq möhkəm durmalısan" - deyə Matson bildirir.