Kəlbəcərli girovların məsələsi Türkiyə parlamentində də qaldırıldı

5 Fevral 2015 16:05 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyası keçirilib.

Movqe.az virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi, Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin və Qarabağ Azadlıq Təşkilatının Türkiyə Təmsilçiliyinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz aksiyası keçirilib.

Aksiyada bir çox tanınmış şəxslər, o cümlədən CHP-dən olan millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay iştirak və çıxış ediblər. Qarabağ Azadlıq Təşkilatı (QAT) Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevə istinadən maraqlı bir xəbər yayıb. Bildirilir ki, adıçəkilən millət vəkilləri aksiyadan sonra parlamentin iclasında girovlarla bağlı məsələni qaldırıblar.

İclasın gedişində məsələ ətrafında digər millər vəkillərinin də iştirakı ilə müzakirə açılıb. Sonda girovların azadlığa çıxarılması üçün fəaliyyət göstərilməsi təklifi ilə Türkiyə Xarici işlər Nazirliyinə müraciət olunub.

Qeyd edək ki, bir müddət öncə "Yeni Müsavat"a müsahibəsində MHP-li millət vəkili Atilla Kaya da kəlbəcərli girovların məsələsini parlamentdə qaldıracağı və hökumətə müraciət edəcəyini demişdi.