Krediti bağlamaq üçün götürülən kreditlər

6 Fevral 2015 08:00 (UTC+04:00)

Bank sektorunda son vəziyyətin təhlili burada problemli kreditlərlə bağlı hələ də gərgin vəziyyətin hökm sürdüyünü göstərir. Preventiv tədbirlərə baxmayaraq, ümumi kredit portfelində qaytarılma vaxtı uzanan kreditlərin xüsusi çəkisi artır. Düzdür, məbləğ etibarı ilə problemli kreditlərin miqdarında cüzi də olsa azalma var. Lakin ümumi kredit portfelində qeyd olunduğu kimi belə kreditlərin payı artır. Məlumat üçün bildirək ki, 2014-cü ilin yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 976,3 milyon manat olub. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 5,2 milyon manat və yaxud 0,5% azdır. Son 1 ildə isə problemli kreditlər əskinə 23,1% və yaxud 183,5 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 5,1%-dən 5,3%-ə yüksəlib. Belə vəziyyət banklara ad təsirsiz ötüşmür. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 37-i 2014-cü ili mənfəətlə, 8-i isə ziyanla başa vurub. Xatırladaq ki, 2014-cü ilin 11 ayının yekunlarına görə, zərərlə işləyən bankların sayı 5 idi. İndi onların sayı 8-ə çatıb. Bəzi banklar Mərkəzi Bankın məcmu kapitalla bağlə tələbini yerinə yetirmək üçün əldə etdikləri mənfəəti kapitalın artırılmasına yönəltdiyi üçün ili ziyanla başa vurmalı olub. Problemli kreditlərin həcmində qeydə alınan artım da məsələyə təsirsiz ötüşmür. Qeyd edək ki, 2005-ci ildə bu kreditlərin miqdarı cəmi 68.2 milyon manat idisə, indi onların həcmi yuxarıda göstərildiyi kimi 976,3 milyon manata çatıb. Bu isə 10 il ərzində problemli kreditlərin həcmində 14 dəfə artım deməkdir. Özü də problemli kreditlərin artım tempi bankların həyata keçirdiyi ümumi kreditləşmənin həcmini hesabat dövründə 1.16 dəfə qabaqlayır.

Maraqlıdır ki, jari ilin əvvəlindən istehlak kreditlərinin verilməsi şərtlərinin ağırlaşdırılması ilə bağlı qaydaların tətbiq edilməsinə baxmayaraq, problemli kreditlərin məbləği kifayət qədər böyükdür. Aparılan tədqiqatlar göstərir ki, problemli kreditlərin həcminin artmasında bankların məsuliyyəti heç də az deyil. Belə ki, banklar müraciət edən şəxsin ödəmə qabiliyyətini yoxlamadan vətəndaşlara kreditlərin verilməsini həyata keçirirlər. Bu baxımdan həmin kreditlərin bir qismi geri qayıtmır. Elə şəxslər var ki, üç bankdan yüksək məbləğdə kredit götürüb. Bir banka olan borcunu ödəmək üçün digər bankdan kredit götürülməsi, problemli kreditlərin həcminin artmasına gətirib çıxarır.

Halbuki, banklar bu məsələni əvvəldən araşdırıb üzə çıxarmaq imkanlarına malikdir. Məlumdur ki, Mərkəzi Bank kreditlərin verilməsi ilə bağlı sistemi elektronlaşdırıb. Hər bir kommersiya bankı həmin sistemə daxil olaraq, orada olan məlumat əsasında kredit vermək barədə qərar qəbul edir. Təəssüf ki, bəzi kommersiya banklarında bu prinsiplər gözlənilmədiyi üçün kreditin qaytarılması ilə bağlı çətinlik və problem yaranır. Problemli kreditlərin yaranmasının digər səbəbi kredit faizlərinin yüksək olmasıdır. Araşdırmalar göstərir ki, vətəndaş kredit götürür, amma faizlər yüksək olduğu üçün həmin krediti müəyyən müddətdən sonra geri qaytarmaq mümkün olmur. Bu baxımdan faizlərin yüksək olması heç də kommersiya banklarının gəlir imkanlarını artırmır, əksinə problem həcminin artmasına gətirib çıxarır. Qeyd edək ki, hazırda ən bahalı kreditlər əhaliyə verilən təminatsız kreditlərdir. Belə kreditlərin illik faiz dərəcəsi 35%-ə çatır. Amma bu, tam təminatsız kreditlərdir. Xatırladaq ki, kredit kartları üzrə verilən kreditlər tam təminatsızdır. Əhalinin bir çox hissəsi belə kreditlərdən istifadə edir. Banklarla yanaşı, vətəndaşların da problemli kreditlərin böyüməsində rolu var. Belə ki, bəzi vətəndaşlar öz ödəmə qabiliyyətini yoxlamadan kredit alırlar. Monitorinqlər göstərir ki, bəzi vətəndaşlar krediti sadəcə toy etmək və qonşu ölkədə dincəlmək üçün götürüblər. Bu tip vacib olmayan istiqamətlər üzrə kreditlərin götürülməsi, vətəndaşın öz gəlirlərini düzgün qiymətləndirməməsi, sonradan krediti geri qaytara bilməməsinə gətirib çıxarır. Nəticədə problemli kreditlərin də miqdarı artır.