DESFA-nın səhmlərinin alınması niyə uzanır?!

6 Fevral 2015 09:40 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstanın DESFA şirkətinin səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir. Bu barədə ARDNŞ-ın yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin formal dövrü çərçivəsində "saatı durdurub": "Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi üçün əlavə vaxt verəcək. Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı müşahidə olunan adi hallardan biridir".

ARDNŞ yekun qərarın Avropa Komissiyasının preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçkirilməsi prosesində bu günə kimi əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.

Xatırladaq ki, Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğu ARDNŞ-in Yunanıstanın DESFA qaz nəql operatorunda 66 faizlik iştirak payı almasına dair müqaviləyə yenidən baxılmasını müvəqqəti dayandırıb. Yunanıstanda isə bu arada həm də hökumət dəyilikliyi baş verib. Hakimiyyətə dövlət mülkiyyətinin özəlləşdirilməsinə qarşı çəxan radikal sol qüvvələr gəlib. Görəsən, prosesin həlli niyə gecikir?

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Avropa Komissiyasının Rəqabət üzrə Direktorluğunun ARDNŞ-in Yunanıstanın DESFA qaz operatorunda iştirak payı almasına dair müqaviləyə yenidən baxılmasını müvəqqəti dayandırması iki amillə bağlıdır: "Birinci olaraq bu, Yunanıstandakı hökumət dəyişikliyilə bağlıdır. Bu ölkədə radikal sol hərəkət qüvvələri hakimiyyətə gəlib. Bu partiyanın yanaşmasında isə dövlət mülkiyyətinin özəlləşməsinə çox sərt münasibət var. Onlar özəlləşmə proqramlarına qarşıdırlar. Yeni hökumət bundan əvvəlki hökumətin özəlləşmə ilə bağlı bundan öncə verdiyi bitməmiş qərarları dayandırıb. Yeni hökumət ümumiyyətlə, dövlətin əlində olan iqtisadi subyektləri satışa çıxarmağı düşünmür. İndiki mərhələdə danışıqlarda ən böyük problem bu olacaq. İkinci məsələ isə Avropa İttifaqının Enerji Xartiyası ilə bağlıdır. Burada qeyd olunub ki, qaz tədarük edən şirkət həm də onun birbaşa istehlakçılara çatdırılmasında iştirak etməməlidir. Rusiyanın "Cənub axını" ilə bağlı layihələrə qoyulan qadağada da eyni məqamlar yer almışdı. "Qazprom" həm "Cənub axını"nı sona qədər dəstəkləyib və qaz paylayıcı şirkətlərə də nəzarət etmək istəyirdi. Amma Enerji Xartiyası bunun qarşısını aldı.

Əsas problem isə yeni hökumətlə anlaşma ətrafında olacaq. Burada ARDNŞ -i çətin danışıqlar gözləyir. Razılıq əldə olunmasa, Azərbaycana kompensasiya ödənilib-ödənilməyəcəyinə gəldikdə, bu, müqavilə şərtlərindən asılıdır. Amma müqavilənin hansı şərtlər daxilində imzalandığını bilmirəm. Lakin beynəlxalq praktikaya görə, bu tipli müqavilələrdə kompensasiya məsələləri qeyd olunur. Sadəcə, Avropa İttifaqı məkanında bu kimi məsələlər çox çətin həllini tapan məsələdir. Azərbaycan İqtisad Arbitraj Məhkəməsinə verməlidir. Burada da işin araşdırılması bəzən illərlə çəkir. Məsələn, "Yukos"un işi Stokholm məhkəməsində 11 il çəkdi. Ona görə də kompensasiya məsələsi çətin və illər tələb edən məsələdir. Ümid edək ki, bu məsələ ikitərəfli danışıqlar yolu ilə yaxınlarda həll olunacaq. Bütün hallarda Azərbaycanın Qərbə qaz satmasında heç bir problem olmayacaq. Avropa Enerjia Xartiyası ARDNŞ-in paylayıcı sistemdə üstünlüyünün olmamasına çalışır. Amma onun tədarükçü kimi Avropaya qaz satmasında heç bir problem yoxdur. TANAP və TAP layihələrində ölkəmiz heç bir problemlə üzləşməyəcək. Bu, Avropanın da marağına xidmət edir".

Ekspert Rəşad Həsənov düşünmür ki, DESFA-da pay alınmasında gələcəkdə hansısa bir problem ortalığa çıxsın: "Azərbaycan bu istiqamətdə öhdəliklərini yerinə yetirib. Azərbaycanla Avropa İttifaqının xüsusən enerji sahəsində ciddi əlaqələri var. Bu əlaqələr də imkan verir ki, ölkəmiz istənilən addımı reallaşdırsın. Lakin hazırda Avropa İttifaqı ilə Yunanıstan arasında yaşananlar, bu ölkədə hakimiyyət dəyişikliyi növbəti aylar üzrə proqnoz verməkdə hər kəs üçün çətinlik yaradır. Proses başa çatandan sonra yəqin ki, ARDNŞ öz işini görəcək. Hazırki şəraitdə prosesin ləngiməsi ARDNŞ üçün də bir avantajdır. Bütün hallarda gələcəkdə, DESFA-dan pay alınmasında düşünürəm ki, maneə yaranmayacaq".