Köhnə maşınların ehtiyat hissələri bahalaşa bilər

6 Fevral 2015 09:45 (UTC+04:00)

Məlumdur ki, Azərbaycana qonşu ölkələrdən müvəqqəti olaraq köhnə avtomobillər gətirilir və bəzi hallarda burada ehtiyat hissələri çıxarılaraq satılır. Bu səbəbdən artıq bir neçə aydır qurum qonşu ölkələrdən belə avtomobillərin gətirilməsi üçün ölkə daxilində zamindurma tələbi irəli sürülüb. Müvafiq rəsmi dairələr bəyan edir ki, qonşu ölkələrdən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə ölkə daxilində kimsə zamin durmalıdır, etibarnamə almalıdır ki, bu maşınlar ehtiyat hissələri halına gətirilməyəcək. Xatırladaq ki, köhnə maşınların idxalı, daha doğrusu "Avro 4" standartlarına cavab verməyən maşınların idxalı qadağan olunub. Ölkə daxilində isə əvvəldən gətrilmiş və hazırda istismarda olan xeyli sayda belə maşın var. Proseslr isə həmin maşınlar üçün ehtiyat hissələrinin tədricən azalmaqda olduğuun göstərir. Görəsən, bu hal ehtiyat hissələrin bahalaşmasına səbəb ola bilərmi?

Avtomobil üzrə mütəxəssis Seymur Yunusov düşünmür ki, sözügedən vəziyyət ehtiyat hissələrin bahalaşmasına rəvac versin: "Qonşu ölkələrdən Azərbaycana gətirilən avtonəqliyyatın ehtiyat hissələri halına gətirilməməsi üçün kiminsə zamin durması qaydası düşünmürəm ki, ehtiyat hissələrinin qiymət artımına gətirib çıxarsın. Çünki, onu əvəzləyicilər var. Sadəcə ola bilər ki, bazarda keyfiyyətsiz malların sayı artsın. Onsuz da həmin ehtiyat hissələrinin alternetivləri bazarda kifayət qədərdir. İndi isə insanlar bir detalı 3-4 dəfə dəyişməyə məcbur olacaq".

Ekspert Azər Allahverənov qeyd etdi ki, nəqliyyat vasitələrinin daşınması və bundan sonra onların ehtiyat hissələrindən istifadə olunması ehtiyat hissələri bazarında müəyyən mənada hansısa hissələrin bolluğuna gətirib çıxaran bir hal idi: "Bu da istər-istəməz qiymətə təsir edirdi. Qiymətin bir qədər ucuzlaşmasına gətirib çıxaran hal idi. Həmin nəqliyyat vasitələrinin daşınmasının qarşısı alınırsa, ehtiyat hissələrinin bazara daxil olmasının bu formada qarşısı alınırsa, təbii ki, bu da bazarda qıtlığın yaranmasına gətirib çıxaran hal olacaq. Bu da müəyyən hissələr üzrə qiymət artımına gətirəcək. Ola bilsin, bazar iqtisadiyyatı şəraitində məsələni bir qədər digər formada həll etmək də mümkündür. Ölkə ərazisinə gətirilən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışı həyata keçirilən zaman gömrük rüsumundan yayınma halları baş verirdi. Ona görə də komitə məsələyə bu formada münasibət bildirir. Amma bununla yanaşı, elə bir siyasət həyata keçirilməlidir ki, həmin ehtiyat hissələri bazarında qiymət artımına səbəb olmasın. Əks halda bilavasitə istehlakçılara mənfi təsir göstərəcək. Hər hansı formada ehtiyat hissələrin qiymət artımı baş verərsə, ən azından bundan irəli gələn məsələlər, yəni qiymət artımı şübhəsizdir". Xatırladaq ki, ən çox ehtiyat hissələrinə tələbat duyulan köhnə maşınlar Rusiya və almaniya istehsalı olan avtomobillərdir.