I Avropa Oyunları ilə bağlı iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə işlər aparılır
5 Fevral 2015 12:14 (UTC+04:00)
2015-ci ilin iyun ayında paytaxt Bakıda keçiriləcək I Avropa
Oyunları ilə bağlı iştirakçılara və xarici qonaqlara keyfiyyətli
tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə
Nazirliyi hazırlıq işlərini davam etdirir. Movqe.az-ın xəbərinə görə, bu barədə məlumatı
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədrili verib. Onun
sözlərinə görə, nazirlik iştirakçılara və xarici qonaqlara
keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə
Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlığa dəvət edib: "Ənənəvi və
innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək
dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət
ərzində ölkəmizdə olacaqlar. Avropa Oyunlarında keyfiyyətli tibbi
xidmətlərin göstərilməsini təmin etmək məqsədilə ali tibbi təhsilli
terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s.
ixtisaslar üzrə elanlar yerləşdirilib, yaşı 25 - 45 arası, xarici
dilləri bilən tibb işçilərinə üstünlük verilir. İdman tədbirlərində
idmançılarla iş təcrübəsi olan, ingilis dilini əla səviyyədə başa
düşmək və danışmaq səviyyəsində olan həkimlər cəlb edilib. Tibb
bacıları üçün tələblər ən azı 3 il iş təcrübəsi, ingilis dilini
başa düşmək və danışmaq,çeviklik,komandada işləmək bacarığı və
sairdir. Bütün tibb işçiləri üçün əsas tələblərdən biri ingilis
dilini başa düşmək və danışmaqdır. Hazırlıq işləri keçiriləcək I
Avropa Oyunları ilə bağlı iştirakçılara və xarici qonaqlara
keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə
kursların təşkili, təcrübənin öyrənilməsi istiqamətində davam
etdirilir".