MTRŞ-dan özəl kanallarda şou verilişlərə qadağa-AÇIQLAMASI

6 Fevral 2015 10:10 (UTC+04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva səviyyəsi aşağı olan insanları efirə buraxan özəl televiziyaları qınayıb. Millət vəkili  deyib ki, özəl televiziya kanalları səviyyəsi aşağı olan insanları efirə buraxmaqdan çəkinməlidir. Son dövrlərdə özəl televiziya kanallarında baş verən mənfi hallardan danışan millət vəkili, deyib ki, telekanallar reklam, gəlir üçün şou xarakterli, ucuz əyləncəli proqramlara adaha çox yer verir: "Televiziya cəmiyyətin bir aynasıdır. Biz televiziyalarda mənəvi-mədəni köklərimizlə bağlı verilişlərin sayının artmasını çox istəyirik. Lakin o zaman özəl kanallardan aldığımız cavab ondan ibarət olur ki, özəl televiziya kanalları reklamdan asılıdır, televiziyalarda reklam yerləşdirənlər öz reklamlarının daha çox şou xarakterli, ucuz əyləncəli proqramlar zamanı yayımlanmasını istəyirlər".

J.Əliyeva hesab edir ki, bu problemin həll olunmasının müəyyən yolları var: "Əlbəttə, özlərinin dediyi kimi, televiziya kanalları maddi baxımdan özlərini saxlamaq üçün bu kimi verilişləri efirə verməyə məcburdurlar. Amma müəyyən mənada bir limit qoymaq olar, müəyyən bir saat qoymaq olar ki, bu cür verilişlər məhz günün bu saatında yayımlansın, mümkün dərəcədə efirə aşağı səviyyəli insanlar buraxılmasın. İnsanlarımız, xüsusilə də böyüməkdə olan nəslimiz bunları görməsin, elə düşünməsin ki, musiqimiz 2-3 nəfərin qolunu-qanadını qırdığı musiqidən ibarətdir, elə düşünməsinlər ki, aktyorluq sənəti ancaq təlxəklik etməkdən ibarətdir. Sənətin ciddi tərəflərinin olduğunu, sənətin həqiqətən bir mənəviyyat körpüsü olduğunu anlatmalıyıq".

Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli də millət vəkilinin sözləri ilə razı olduğunu söyləyib. C. Məmmədli bildirib ki, J. Əliyevanın dediklərində böyük bir həqiqət var: "Jalə xanım haqlıdır. Amma bunun qarşısını almaq üçün bizim əlimizdə bu gün bir səlahiyyət yoxdur. Özəl telekanallara şou verilişlərin sayının çoxluğuna görə hər hansı sanksiya tətbiq edə bilmərik. Əlbəttə, şou verilişlərin, efirdə mədəniyyətsiz davranan aparıcıların olması bizi də narahat edir. Amma telekanalı da qınamaq olmaz, çünki, onun da çörəyi bu tip verilişlərdən çıxır. Bu gün millət vəkilinin dediyi kimi, reklamları məhz bu tip verilişlərə verirlər. Bu isə özəl telekanalları məcbur edir ki, bu verilişləri daha çox yayımlasınlar".  

C. Məmmədli Movqe.az-a açıqlamasında deyib ki, həmin verilişlərin yasaqlanmasına qanunvericilik də qadağa qoymur: "Demokratiyadır, telekanllara irqi, dini ayrıseçkilik, dövlət əleyhinə çağırışlara səsləmək və sair məsələlərdən başqa qadağa yoxdur. Ona görə də telekanal özünə sərf edənin, qazanc gətirənin ardınca gedir. Əlbəttə, telekanalların maarifçilik aparmaq borcudur. Mənim fikrimcə şou xarakterli verilişlərin hələ də baxımlı olması da, maraq faktı dab u məsələdə rol oynayır. Ona görə də, cəmiyyət, tamaşaçının da zövqü dəyişməlidir ki, bu verilişlərə təlabat azalsın".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov isə  bu məsələ ilə bağlı telekanallar qarşısında dəfələrlə məsələ qaldırıldığını, onlara tövsiyyələr verildiyini söyləyib: "Millət vəkili haqlıdır. Bu gün telekanallar əsasən reytinq arxasınca gedirlər. Amma çox təəssüf ki, onların proqram siyasətinə qarışmaq səlahiyyətimiz yoxdur. Teleradio Yayımları Haqqında qanunun 2-ci maddəsində də göstərilib ki, telekanalların yaradıcılıq redaksiya fəaliyyəti, peşə müstəqilliyi əsasında qurulmalıdır. Qanundan da görünür ki, bizim qurumun  onların proqram siyasətinə müdaxiləsi yolverilməzdir. Ona görə də, düşünürəm ki, qanunla MTRŞ-ya bu səlahiyyət verilməlidir ki, biz də telekanallara şou tipli verilişlərin sayında sərhəd qoymağı tələb edə bilək. Bu məsələnin tənzimlənməsinə, MTRŞ-ya  qismən də olsa qanunla səlahiyyət verilməlidir".

T. Məmmədov bununla belə MTRŞ-nın mütəmadi olaraq milli mənəvi dəyərlərə zidd olan verilişlərin efirə buraxılmaması üçün tövsiyyələr verdiyini söylədi.