Elektromobillərin idxalı digər avtomobillərdən daha sərfəli olacaq

7 Fevral 2015 09:00 (UTC+04:00)

Ölkəyə elektromobillərin gətirilməsi zamanı gömrük rüsumlarının və əlavə dəyər vergisinin hesablanması ilə bağlı müəyyən güzəştlər tətbiq oluna bilər. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev hazırda elektromobillrin gətirilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu bildirib. Ölkənin ticarət dövriyyəsində ektromobillrin yeni bir nəqliyyat növü olduğunu və ekologiyanın yaxşılaşdırılmasına xidmət etdiyini qeyd edən komitə sədri gömrük rüsumunun müəyyən olunması zamanı güzəştlərin ola biləcəyini istisna etməyib. O, bu güzəştlərin hökümət tərəfindən müəyyən olunduğunu deyir. Çünki bu mövcud qanunvericilik çərçivəsində tənzimlənəcək. Aydın Əliyev qeyd edir ki, zərurət olsa, başqa sahələrdən büdcə proqnozu istifadə edilə bilərə, güzəştlərin tərəfdaşı olacaqlar".

Xatırladaq ki, hazırda Azərbaycanda elektromobillərdən istifadə edilsə də, geniş yayılmayıb. Artıq ekoloji təmiz avtomobillərdən olan "Tesla Model S" avtomobilləri də şəhərimizdədir.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov "Mövqe"yə açıqlamasında bildirdi ki, bu, çox pozitiv yanaşmadır: "Yaxşı olar ki, müxtəlif tədbirlər nəticəsində Azərbaycanda elektromobillərin geniş yayılması həvəsləndirilsin. Təkcə güzəştlər hesabına yox, həm də aktiv təbliğat aparılsın. Bu avtomobillər ətraf mühit üçün, enerjidən istifadəyə görə faydalıdır. DGK-nin sədri fikirlərini bildirdi. Burada başqa tədbirlər də ola bilər. Amma artıq bu gün belə bir güzəşt var. Bildiyimiz kimi, idxal olunan avtomobillərə aksiz vergisi tətbiq olunur. Hətta Azrbaycanda istehsal olunanlara da tətbiq edilir. Həmin aksiz vergisi avtomobilin daxiliyanma mühərrikinin həcminə görə hesablanır. Amma elektromobillərdə daxiliyanma mühərriki yoxdur. Deməli, bu gün elektromobil üçün aksiz vergisi sıfıra bərabərdir. Bunun özü bir güzəştdir. Başqa güzəştlər də nəzərdə tutula bilər. Məsələn, yaxşı olar ki, bu avtomobillərə aksiz vergisinin tətbiq olunmadığı birbaşa qanunda göstərilsin. Həm də bilirik ki, xaricdən gətirilən avtomobillər üçün əlavə dəyər vergisi də tətbiq edilir. Düzdür, ilk baxışda inandırıcı gəlməsə də, lakin onda da güzəşt edə bilərlər. Bundan başqa, gömrük rüsumları var. Gömrük rüsumlarını da aradan qaldırmaqla əlavə şərait yaradılmış olar. Çünki, bu gün üçün bazara elektomobillərin gətirilməsi vacibdir. Amma sadəcə, gətirilməsində edilən güzəştlər onların sayını artırmaz. Çünki, bu gün Azərbaycanda elektromobillərin şəbəkələşmiş şəkildə istifadəsini çətinləşidirən problemlər var. Problemlərdən biri elektromobillərin enerji ilə təchizatı sisteminin hər yerdə olmamasıdır. Yəni, onu elektrik şəbəkəsinə qoşaraq enerji ilə təmin etmək lazımdır. Bundan başqa, elektromobillərin texnoloji problemləri də mövcuddur. Texnoloji problemlərdən biri odur ki, ənənəvi avtomobillərdən fərqli olaraq elektromobillərinin enerji təminatı uzun vaxt aparır. Ənənəvi avtomobil yanacaqdoldurma məntəqəsində uzağı 5 dəqiqəyə yanacaqla doldurula bilir. Amma elektromobillərdə enerji təminatının müddəti saatlarla ölçülür. Düzdür, onu da bir neçə dəqiqədə edə bilmək üçün texnologiya var. Amma bu, hələlik geniş tətbiq olunmayıb. Bundan başqa, elektromobillərə texniki xidməti də problemdır. Ustalarmız hələlik elektromobillər görməyiblər deyə, onlara bu iş çətin gəlir. Amma çox asan prosesdir. Bunların ümumi dinamik xüsusiyyətlərində müəyyən məsələlər ənənəvi avtomobillərlə üst-üstə düşür. Elektromobillərdə mexanizm çox sadədir. Bunu da ustalarımızın öyrənməsi üçün böyük vaxt lazım deyil. Əsas məsələ enerji təchizatı şəbəkəsini yaratmaqdır. Bir də enerji ilə təminatdakı vaxt problemidir ki, bu da bizim yox, istehsal edənlərin işidir".

Ekspert qeyd etdi ki, bu maşınların sürəti ənənəvi maşınların sürətindən azdır: "Ancaq 100 km/saatla hərəkət edə bilən elektromobillər var. Bu isə tam normaldır. Onsuz da bu gün dünya yüksək sürətdən "qan ağlayır". Yəni, aşırı sürət heç kəsə lazım deyil. Həmçinin, şəhərdə sürət 60 km/saatdır. Özü də elektromobilin sürətlənmə və tormozlanma mexanizmi kifayət qədər etibarlıdır. Yanacaqla işləyən maşınlar ekstremal şəraiti sevənlər üçün daha cəlbedicidir. Amma hazırda ekstremal şəraitə elə də böyük maraq yoxdur. Ümumi istifadə yollarında isə ümumiyyətlə, qadağandır".