Pozulan atəşkəs Ermənistan prezidentinin sonunu gətirir

7 Fevral 2015 10:00 (UTC+04:00)

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəsın ardıcıl şəkildə pozulmasından həmsədr dövlətlər və regionda prosesləri yaxından izləyən digər dünya ölkələri dərin narahatlıq ifadə edir. Amma buna baxmayaraq, Ermənistan tərəfi həmin narahatlıqlara məhəl qoymayaraq, atəşkəsi pozmaqda davam edir. Əksər ekspertlər bu qənaətdədir ki, belə vəziyyət Ermənistan daxilindəki durumdan qaynaqlanır.

Uzun zamandır ki, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Günü-gündən Serj Sarkisyan rejimindən narazı qalan insanların sayı artır. Son Gümrü hadisəsi fonunda isə bu narazılıq daha da artıb. Bəllidir ki, ölkə daxilində vəziyyət gərginləşən kimi, Sarkisyan və onun komandası cəbhə bölgəsində gərginliyi artırmaq kursu tutur. Bununla da Sarkisyan daxili problemlərdən diqqəti yayındırmağa çalışır. Lakin o da var ki, cəbhə bölgəsində gərginliyi artırmaq Ermənistana getdikcə daha baha başa gəlir. Belə ki, onlar bu zaman daha çox itkilərə məruz qalırlar. Hətta canlı qüvvədən savayı, döyüş texnikalarını da itirirlər. Bu vəziyyətdə o da diqqət çəkir ki, Ermənilərin bu zaman daha çox itki vermələri də ölkə daxilində hakimiyyətdən narazılığı gücləndirir. Əsgər analarının keçirdikləri aksiyaların saynıın artması da bunun real tədiqidir. Belə vəziyyət hətta Sarkisyanın daha tez devrilməsinə də gətirib çıxara bilər.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Sarkisyanın devrilməsi daha çox xarici amildən asılıdır: "Ermənistanda daxili vəziyyət gərgindir, buna şübhə yoxdur. Daxili vəziyyət isə bir sıra faktorlara görə gərginləşir. Bunun birinci amili sosial-iqtisadi vəziyyətdir. Həm region mətbuatında, həm də daha geniş arealda demək olar ki, hər gün Ermənistanda dözülməz həyat şəraitinin olması barədə informasiyalar gedir. Son zamanlar Rusiya mətbuatı da buna tez-tez işarələr edir. İkinci şərt bundan ibarətdir ki, Ermənistanın özündə də bir sıra müxalif siyasi dairələr Sarkisyan hakimiyyətini ümumiyyətlə, qeyri-legitim hesab edirlər. Bunun belə olması nəyi göstərir? Gümrüdəki hadisələr fonunda əhalinin nifrətini görmək mümkün oldu. Sarkisyanın qeyri-qanuni hakimiyyəti nəyə görə bəs dirəniş gətirir? Bu iqtidar daha çox xunta xarakterli hakimiyyətdir. Özünə yaxın klanı vəzifələrdə oturdub. Digər tərəfdən, Sarkisyanın xarici dayaqları var. Xarici dayaq maraqlı olsa ki, Sarkisyan getsin, o, dərhal gedəcək. Belə şəraitdə Sarkisyan çalışır ki, həm ölkəni sakitləşdirsin, həm də hakimiyyətini qoruyub saxlasın. Cəbhədə gərginlik yaratmalarının mühüm səbəblərindən biri məhz Sarkisyanın yeritdiyi bu siyasətdir. O, bununla diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Perspektivə gəldikdə, Sarkisyan klanı üçün Ermənistanda böyük gələcək görmürəm. Bu hakimiyyət mütləq dəyişməlidir. Ona görə yox ki, bunu digər ölkələr də istəyir. Sadəcə, Ermənistan daxilindəki siyasi qüvvələr onun hakimiyyətdən getməsini istəyir və bunun üçün çalışacaqlar. Bu vəziyyətin Sarkisyanın istefası, ya da vaxtından əvvəl hakimiyyətdən getməsinə gətirib-gətirməyəcəyini hələlik söyləmək çətindir. Qarşıdan uydurma "soyqırımın" 100 illiyi gəlir. Onlar bütün gücünü bu istiqamətdə təbliğata verəcək. Əhalinin başını qatmaq üçün bu təbliğatdan vasitə kimi istifadə edəcəklər. Sirr deyil ki, erməni əhalisinin aldadılmış zehniyyətində "soyqırım" yatır. Ondan istifadə etmək istənilən hakimiyyət, o cümlədən Sarkisyan üçün çətin deyil. Bu fonda çalışacaq ki, bütün təhlükələrdən özünü və klanını xilas etsin. Lakin bu klanın Ermənistanda siyasi hakimiyyət kimi gələcəyi yoxdur".

Millət vəkili Elman Məmmədov ermənilərin Sarkisyanı istefaya göndərməkdən başqa yollarının olmadığını dedi: "Dəfələrlə demişəm, erməni xalqının bu qədər aciz, bacarıqsız, bu qədər avam bilməzdim ki, o qədər erməni içərisində özlərinə Sarkisyan və onun komandası kimi cinayətkar, terrorçu və qatil dəstəni rəhbər seçdilər. Bu xalq bundan xəcalət çəkməlidir. Ermənilər Sarkisyanın hakimiyyətdə olduğu dövrə nəzər salsın ki, Qarabağ dalğası üzərində hakimiyyətə gələn Köçəryan, Sarkisyan və onların dəstələri Ermənistan adlanan bir dövləti hansı vəziyyətə gətirib çıxarıblar. Onlar ölkəni dilənçi vəziyyətinə, fəlakət qarşısında olan bir vəziyyətə salıblar. İl ərzində 80-100 min insanı ölkəni tərk edərək xaricə üz tutur. Ermənistan cəmiyyəti fikirləşməlidir ki, Sarkisyan və ətrafındakı cinayətkar qrup erməni xalqı və dövlətini ancaq fəlakətə sürükləyir. Onlar nə üçün atəşkəsi tez-tez pozurlar. Bununla diqqəti cəbhəyə yönəltmək və cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyırlar. Qarşıdan Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları gəlir. Onların atəşkəsi tez-tez pozmaqda bir məqsədi də bu oyunlara kölgə salmaq, Azərbaycanda guya sabitliyin olmadığı, gərginliyin olduğu mühiti yaratmağa çalışmalarından ibarətdir. Ancaq məlum həqiqətdir, atəşkəsi pozmaq üçün buna silah-sursat, maliyyə, hazırlıq lazımdır. Bu da hazırkı gündə Ermənistanda yoxdur. Deməli, burada Sarkisyandan başqa da digər maraqlı olan tərəflər də var. Sarkisyanları hakimiyyətə gətirib, onları qoruyan maraqlı qüvvələr də mövcuddur. Ancaq bunlar hamısı əbəsdir. Artıq erməni siyasətçiləri, politoloq və ziyalıları da dilə gələrək deyir ki, Sarkisyan hakimiyyətdən getməlidir. Təbii ki, deyə bilmərəm, Sarkisyan hakimiyyətdən gedəndən sonra yerinə ondan yaxşısı gələcək. Ancaq o millət fikirləşsə, əli azərbaycanlıların qanına batmamış, Xocalı soyqırımını törətməmiş bir nəfəri rəhbərliyə gətirər ki, o da ağıllı hərəkətləri ilə bəlkə öz xalqını vəziyyətdən çıxarar. Vəziyyətdən çıxarmağın da yeganə yolu var. Onlar bu gün Cənubi Qafqazda liderlik edən güclü Azərbaycanla razılığa gəlməli, işğal etdikləri torpaqlarımızı azad etməlidirlər. Bu, onların yeganə çıxış yoludur. Başqa yol yoxdur".