“1646” “Sakinlərin Müraciət Xidməti” sizin probleminizi dinləyir!

6 Fevral 2015 17:45 (UTC+04:00)


-Alo.


-Buyurun, "1646" "Sakinlərin Müraciət Xidməti" sizin probleminizi dinləyir.


-Yox bu gün problemə görə zəng vurmamışam, zəng etdim deyəm ki, problemimiz həll olundu.


-Təşəkkür edirik.


-Biz sizə təşəkkür edirik, problemimizi belə operativ həll etdiyiniz üçün.


-Borcumuzdur.


Bu cür dialoq demək olar ki, hər gün Binəqədi sakinləri ilə "1646"-ya edilmiş zəngə cavab verən "Sakinlərin Müraciət Xidməti" nin əməkdaşları arasında qeydə alınır. Bu gün isə onlara edilən zənglər arasında təbrik zənglərinə daha çox rast gəlinirdi. Təsadüfi də deyil. Axı bu gün Binəqədi rayon sakinlərinə xidmət göstərən "Sakinlərin Müraciət Xidməti– 1646″-nın yaranmasından 2 il ötür… Movqe.az xəbər verir ki, bugün onların günü və bayramıdır. 2 il böyük zaman deyil, amma görülən iş, sakin məmnunluğu bu xidmətin uğurundan xəbər verir. Bu gün onların günü olsa da, öz bayramlarını iş başında, sakinlərin zənglərinə cavab verərək qeyd edirdilər. "Sakinlərin Müraciət Xidməti– 1646″-nın rəhbəri Anar Səfərli isə deyir ki, onlara edilən zənglər arasında "problemim həll olundu, çox sağ olun" sözlərindən gözəl təbrik ola bilməz. Artıq Binəqədi sakinlərinin hər problemlərinin həllində yanında olan 1646 xidməti demək olar ki, rayonda ən məşhur nömrəyə çevrilib. Sakinlər arasında belə bir deviz yaranıb- "Problemin var,1646-ya zəng et". Məlumat üçün bildirək ki, Binəqədi Rayon İcra Hakimiyyətində 6 fevral 2013-cü il tarixindən Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə "Sakinlərin Müraciət Xidməti– 1646″ (SMX–1646) istifadəyə verilib. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.SMX-nin yaradılmasında məqsəd - vətəndaşlarla operativ ünsiyyətin yaradılması, İcra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin İcra Hakimiyyətinə bir telefon zəngi vasitəsilə çatdırılmasınddan ibarət olmuşdur. Xidmət bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilmiş, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır. Xidmətin rəhbəri Anar Səfərli isə deyir ki, ötən bir il ərzində Sakinlərin Müraciət Xidmətinin 1646 telefon nömrəsinə daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir. Belə ki, 2014-cü il yanvar-dekabr ayları üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, daxil olmuş müraciətlərin sayı 35725 olub ki, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 16790 vahid və ya 86,6 % çox olub. Birbaşa cavablandırılmış müraciətlərin sayı 28164 (ötən dövrlə müqayisədə 13200 vahid və ya 88.2 % çox), yaradılmış əks əlaqələrin sayı – 10245 (ötən dövrlə müqayisədə 3984 vahid və ya 63.6 % çox), gün ərzində zənglərin orta sayı – 96 (keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 vahid və ya 45.4 % çox olmuşdur. Şikayət xarakterli müraciətlər əsasında tərtib edilmiş şikayət vərəqələrinin sayı – 7695 olmuşdur ki, buda keçən ilin müvafiq dövrü ilə müqayisədə 3780 vahid və ya 96.5 % çox olmuşdur. Müraciətlərin 6516- sı və ya 84,7 %-i tam həll olunmuş, 147-si və ya 2 %-i qismən həll edilmiş, 1032-si və ya 13.3 %-nə isə müvafiq izahat verilmişdir. Qurum rəhbərlərinin mobil telefonlarına göndərilmiş sms-lərin sayı 6021 vahid olmuşdur.


Yanvar-dekabr ayları üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 3305-i və ya 42,7 %-i su-kanalizasiya, 1575-i və ya 20,3 %-i qaz təchizatı, 867-si və ya 11,2 %-i istilik təchizatı, 824-ü və ya 10,5 %-i lift problemi, 326-ı və ya 4,2 %-i məişət və zibil tullantıları, 262-i və ya 3,3 %-i elektrik təchizatı, 219-u və ya 2,7 %-i yolların yararsız olması, 155-i və ya 2 %-i sakinləri narahat edən digər məsələlər, 127-si və ya 2 %-i yaşıllaşdırma idarəsi, 85-i və ya 1,1 %-i küçə işığlandırılması ilə əlaqədar olub. İl ərzində xidmətə 499 təşəkkür müraciəti daxil olub. Belə ki, qeyd edildiyi kimi hesabat dövrü ərzində xidmətə rayon sakinlərindən ümumilikdə 35725 müraciət daxil olmuşdur ki, buda rəsmi qeydiyyatda olan rayon əhalisinin 14.2 %-ni, faktiki məskunlaşmış əhalinin isə 8.9 %-ni təşkil edir. Bundan başqa qeydə alınmış ev təsərrüfatlarının, yəni ailə təsərrüfatlarının 69000 olduğunu nəzrə alsaq, bununda 52 %-ni təşkil edir. Əgər bir ailənin orta göstəricisi üzrə əmsala əsasən hesablansa – bu 121465 sakinin məmnunluğu deməkdir. Buda rəsmi qeydiyyata alınmış əhalinin 48.3 %-ni, faktiki yaşayan rayon əhalisinin isə 30.3 %-ni təşkil edir. 35725 müraciətin dinlənilməsinə 81499 dəqiqə sərf edilmişdir ki, orta hesabla hər müraciətə 2,28 dəqiqə vaxt ayrılmışdır.