Videosu yayılan azərbaycanlı motosiklçi polisdən şikayətçidir

8 Fevral 2015 13:08 (UTC+04:00)
2013-cü ildə çəkilmiş, skuter sürücüsünün yol polisi tərəfindən döyülməsini göstərən video bu yaxınlarda yerli saytlarda dərc ediləndən sonra videoda döyülən şəxs "hələ də tam bərpa olunmadığını" deyir.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Seymur Əliyev 17 oktyabr 2013-cü ildə, işlədiyi çatdırma xidmətindən qayıdarkən yol polisi tərəfindən saxlamağa göstəriş aldığını, lakin bunu yerinə yetirmədiyini bildirir.

"Dostavkadan qayıdanda polis yolda mənə "saxla" əmri verdi, amma mən tabe olmadım", o deyir. "Düşündüm ki, skuterimin sənədi yoxdur, dayansam maşını əlimdən alıb məni qazancsız qoyacaqlar", dönərxanalar və kafelər üçün çatdırma işçisi olan Seymur Əliyev qeyd edib.

Bakı DYP sözçüsü Vaqif Əsədov deyib ki, yol polisinin hərəkətləri qanuni olub.

"Motosiklçi ... qanunu ciddi şəkildə pozub. Bu hallarda qanunvericilik icazə verir ki, nəqliyyat vasitəsini məcburən dayandırsın, bu da edilib", cənab Əsədov deyib.

Qaydanı pozduğunu boynuna alan skuter sürücüsü deyir ki, polis tərəfindən dayandırıldığı zaman qolu yaxınlıqdakı dəmirə çırpılaraq sınıb.

"Dirsəklə bilək arasında 3 santimetrlik sümük indiyə qədər də çatmır", o deyir. "Müalicə üçün İrandan tutmuş hər yerə getmişəm, bu isə çoxlu vəsait tələb edir. Çoxlu müalicə olunsam da hələ də tam bərpa olunmamışam".

"Sonra məni maşına oturdub polis şöbəsinə apardılar. Yolda mənə dedilər ki, bizə belə komanda verilib. Amma mən bilmədim ki, o komandanı onlara kim verib. Polis şöbəsinə çatanda gördüm ki, burada çox sayda başqa motosikletlər var. Amma onların çoxu çox bahalı idi. O qədər bahalı motosikletlər idi ki, birini satıb hətta ev almaq olardı", motosiklçi xatırlayır.

Seymur Əliyev videonun niyə indi yayımlandığını bilmədiyini deyir. "Əgər vaxtında yayılsaydı, bəlkə nəyisə sübut edə bilərdim. Videonu çəkən adamı mən də tanımıram. Hər halda yoldan keçən təsadüfi bir şəxs olub".

Seymur Əliyev "ümid edir ki" səsini eşidib ona kömək edərlər. "Çünki xəsarət aldığıma görə çoxlu müalicə olunsam da hələ də tam bərpa olunmamışam".

Vaqif Əsədov isə deyib ki, motosiklçinin "cinayətkar hərəkətləri haqqında materiallar artıq məhkəməyə göndərilib".