Müsavat Partiyası sürətlə dağılmağa başladı

10 Fevral 2015 08:34 (UTC+04:00)

Məlumat verildiyi kimi, Müsavat Partiyası Divanının növbədənkənar toplantısında partiya başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun partiyanın sıralarından xaric edilməsi haqda qərar qəbul edilib. Bu isə partiyada vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Hadisələrin gedişi göstərir ki, Qubad İbadoğlunun partiyadan çıxarılması fonunda onun tərəfdarları da Müsavatı tərk etməyə hazırlaşır və bu xüsusda addım atanlar da var. Eyni zamanda gözlənir ki, keçmiş müsvatçılar yeni partiya yaratmağa başlayacaqlar. Daha doğrusu, onlar ADR-i partiyaya çevirəcəklər. Buna qədər isə onlar Müsavatdan daha çox tərəfdarlarının istefasına nail olmağa çalışacaqlar. Çünki ADR-in əsas bazasını məhz Müsavat Partiyasının sabiq üzvləri təşkil edəcək.

Qubad İbadoğlu özü isə partiyadan çıxarılmasını saxtakarlığın nəticəsi adlandırır: "Müsavat Partiyası Divanı vədinə xilaf çıxdı. Müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozdu. Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular". O, partiyadan çıxarılacağını əvvəlcədən bildiyini qeyd edib: "Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən "divantutma"nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Lakin nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş!". Q. İbadoğlu qeyd edib ki, o, xeyli əvvəldən bu sifarişin nominal başqanın yox, real başqanın verdiyini bilirmiş: "Ütdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırdıqlarının fərqindədirlərmi? Görünən kəndə nə bələdçi. Bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq. Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək siyasətidir". Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir". Q. İbadoğlunun çıxarılmasına münasibət bildirən başqanlığa keçmiş namizəd Səxavət Əlisoy Müsavatın demokratiyadan, söz azadlığından danışmağa haqqının olmadığını bildirib

Artıq Qubad İbadoğlunun tərəfdarları da partiya sıralarını tərk edir. Məsələn, Müsavat Partiyasının üzvü, İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik partiya sıralarından istefa verib. H. Məlik bu addımını Qubad İbadoğlunun partiyadan çıxarılmasına etiraz olaraq atdığını bildirib. Onun sözlərinə görə, onunla birlikdə digər istefa verənlər də var. İstefaların bundan sonra olacağı da gözlənilir. Müsavatda baş verənlərə etiraz olaraq istefa verən, ADR hərəkatının üzvü Hikmət Hacızadə isə Qubad İbadoğlunun partiyadan kənərlaşdırılmasını diktatura adlandırıb: "Partiyadakı rəqibini məhv etmək diktaturaların məlum davranışıdır. Belə davranışı Müsavata gətirənlər heç partiyanın tarixi simasını düşünürmü? Bir başqa çətin məsələ də var. Partiyadan gedənlər, qovulanlar üçün deyil, partiyada qalanlar üçün nigaranam. Məhz onlar təhlükədədir. Hazırda partiya sükansız bir gəmiyə bənzəyir. Rəhbərlər 20 illik stress nəticəsində reallığı görmək bacarığını itiriblər. Gəmi qayalara tərəf gedir. Gəmidə də öz səsi, müstəqil fikri olan bir kəs qalmayıb ki, desin: "Rəis ora sürmə, məhv olacağıq". Əsasən də Divanın gənc üzvləri üçün nigaranam".

Proseslər Müsavatdan istefa verərək ADR-də toplaşanların partiya yaradacaqlarını göstərir ki, bu da indiki Müsavat rəhbərliyiən ciddi zərbə olacaq. Artıq ADR hərəkatının Təşkilat Komitəsinin iclası keçirilib. İlasda fevralın 15-nə kimi ADR-in 30 rayonda təşəbbüs qrupunun yaradılması qərara alınıb. ADR Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy "publika" portalına açıqlamasında bildirib ki, Qubad İbadoğlu Müsavatdan çıxarılandan sonra partiyanın rayon təşkilatları arasında kütləvi istefa vermək istəyənlər var. Bu isə onu göstərir ki, ADR-in yaranması və partiyaya çevrilməsi daha çox Müsavat Partiyasına zərbə vurmaqdadır. Çünki bu partiyanı yeni quruma qoşulmaq üçün tərk edənlərin sayı artır.