Cörəkarası "Tramadol"

10 Fevral 2015 15:30 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş dərman vasitələrinin keçirilməsinin qarşısı alınıb.

Movqe.az xəbər verir ki, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlıumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 120.1, 29; 120.2.7 və 66.3 maddələrinə əsasən 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rafiq Məşədi oğlu Mövsümova Əsəd Məsim oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 30 ədəd "Tramadol" həbi aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Emin Elbrus oğlu Ələsgərovanın yanına qısamüddətli görüşə gəlmiş anası Sonaxanım Ağakərim qızı Ələsgərovanın və bacısı Elnarə Elbrus qızı Ələsgərovanın üzərinə və gətirdikləri sovqata baxış keçirilib. Bu zaman 500 qramlıq "Supersun" qənd qutusunun içərisində gizlədilmiş, 1 ədəd mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər bir fakt üzrə araşdırma aparılır.