Sumqayıtda sələfilərlə xəvariclər arasındakı atışmanın iştirakçılarına 108 il iş istənildi
10 Fevral 2015 17:02 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt
şəhərində sələfilərlə xəvariclər arasında keçən il dekabrın 11-da
baş verən silahlı insidentlə bağlı başlanmış cinayət işinin məhkəmə
prosesi davam etdirilib. Movqe.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Elçin Əkbərov,
Elmar Məmmədli Zaur Paşayev və Firudun Musayevə 9 il, Əhməd
Salmanov, Anar Mirzəyev, Murad Məhərrəmov, Anar Rəhimov, Vüqar
Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan
Mehrəliyevə isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib. Məhkəmə fevralın 19-da davam
etdiriləcək. Qeyd edək ki, hadisə
2013-cü il dekabr ayının 11-də saat 20:30 radələrində Sumqayıt
şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Soltan" çay evində
baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri
ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə
nəticələnib. Hadisə zamanı Sumqayıt
şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri,
Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə
qəlpə yaraları alıblar. Polis və prokurorluq orqanları
əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən
Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar
Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar
Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan
Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs
olunublar.
Onlara qarşı Cinayət Məcəlləsinin 221
(xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə
etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29,
120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq
narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya
satma) maddələri ilə ittiham irəli sürülüb.
Həbs olunanların arasında xəvariclərin əmiri,
"Mamed" ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, "Hamza"
ləqəbli Elşən Musayev də var. İstintaqla bağlı keçirilən baxış
zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə
oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini
ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd "F-1"
qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla
qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk
aşkar edilərək götürülüb.