Hakimiyyətdaxili mübarizə Ermənistan iqtidarını çökdürür

11 Fevral 2015 09:12 (UTC+04:00)

Ermənistanda gərgin ictimai-siyasi, sosial-iqtisadi vəziyyət hakimiyyət daxilində də müəyyən təlatümlər yaradıb. Ermənistanın "Jamanak" qəzeti yazır ki, hakimiyyət daxilində növbəti parçalanmalar və təbəqələşmə başlanıb. Qəzetin məlumatına görə, bu günlərdə Rusiyada olan Ermənistanın baş nazir Ovik Abramyan burada hakimiyyətin qatı tənqidçisinə çevrilən sabiq prezident Robert Köçəryanla görüşüb. Əsas müzakirə predmeti isə Serj Sarksiyanın hakimiyyətdən kənarlaşdırılması olub. Bu məsələdə onlara "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan da dəstək verir. Bu arada "Çiçəklənən Ermənistan" partiyası "Erməni Milli Konqresi" və "İrs" partiyası ilə birlikdə hakimiyyəət qarşı blok yaratdıqlarını da bəyan ediblər. "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan, "Erməni Milli Konqresi" rəhbəri Levon Ter-Petrosyan və "İrs" partiyasının başçısı Raffi Ovannisyan arasında fevralın 15-də görüş keçirilməsi haqqında razılıq əldə olunub. Üç partiyanın birgə bəyanatında deyilir ki, görüşdə ümumxalq hərəkəti çərçivəsində sonrakı birgə fəaliyyət, hakimiyyətə yeni təzyiq metodları ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, ölkədə hökm sürən işsizlik, insanların yoxsulluq həddində yaşaması, iqtisadi gerilik də hazırkı hakimiyyətin mövqelərini laxladır. Maraqlıdır, bu vəziyyətdə Sarkisyanın hakimiyyətdən devrilməsi mümkündürmü? Bu baş verərsə, həmin vəziyyət Ermənistanın xarici siyasəti və Dağlıq Qarabağ probleminə nə vəd edir?

Politoloq Natiq Mirinin fikrində, yaz aylarına doğru Sarkisyan iqtidarı əməlli-başlı silkələnəcək: "Sarkisyan ölkədə gedən bütün ictimai-siyasi proseslərə tam nəzarət edə bilmir. Ölkədə hökm sürən problemlər nöqteyi-nəzərdən də hər hansı müsbət impulslar yoxdur. Cəmiyyətdə artıq Sarkisyan hakimiyyətinə böyük bir nifrət ovqatı köklənib. Ermənistanda elə bir gün yoxdur ki, əhali müxtəlif formalarda Sarkisyan hakimiyyətinə etiraz etməsin. Bunlar ciddi faktorlardır. Ola bilsin, rus əsgərinin erməni ailəsini məhv etməsi hadisəsi də bu mənada daşıyıcı damla oldu. Bununla bir daha göründü ki, Ermənistan yalnız Rusiyanın vassalı rolunda çıxış edir. Burada müstəqil siyasi iradəyə malik hakimiyyət yoxdur. Hakimiyyət daxilindəki bəzi yüksək səviyyəli məmurlar, müxalifətdən olan insanlar, bütövlükdə toplumun özü anladı ki, Sarkisyan hakimiyyəti indiyə qədər heç bir effekt vermədiyindən, artıq Ermənistan üçün ağır bir yükə çevrilib. Bu reallığı təkcə Ermənistanda deyil, o cümlədən havadarları olan Rusiya və Qərb dünyasında da anlamağa başlayıb, ya da anlamağa başlamalıdırlar. Çünki, Dağlıq Qarabağ probleminin həllinin kökündə problem kimi duran da məhz Qarabağ klanı və Sarkisyan hakimiyyətidir. İstənilən anlaşmaya maneə olacaq təxribatlar da məhz Sarkisyan hakimiyyəti tərəfindən törədilir. Bu iqtidar hakimiyyətdən getməyənə qədər və Ermənistanda xalq tərəfindən seçilən hər hansı bir yeni hakimiyyət iqtidara gəlmədən işğalçı ölkənin üzləşdiyi çətinliklər, nə də Dağlıq Qarabağ problemi həllini tapmayacaq. Qarabağ problemi yük olaraq qaldıqca, Ermənistan bütün məhrumiyyətlərə düçar olmaq məcburiyyətindədir. Cənubi Qafqazın strateji ölkəsi olan Azərbaycanla hər hansı bir əlaqənin olmaması Ermənistanı bütün qlobal, iqtisadi layihələrdən kənarda qoyur. Bu olmadıqca, Ermənistanın ümumiyyətlə, iqtisadi inkişaf perspektivi yoxdur. Ermənistandakı bu reallığı artıq toplum anlayıb. Onun havadarları da anlayarsa, hesab edirəm ki, Sarkisyan hakimiyyətinin ömrü uzun olmayacaq. Artıq bu hakimiyyətin dəyişmə zamanıdır. Artıq Sarkisyan hakimiyyətini əvəzləyə bləcək siyasi qüvvələr də formalaşıb. Bu, parlamentdə təmsilçiliyi olan üç müxalifət partiyasının birgə koalisiyada hərəkət etməsidir. Onlar bununla Qərbə və Rusiyaya siyasi müsaj verdilər ki, Sarkisyan hakimiyyətini əvəz etməyə artıq siyasi alternativ var. Sarkisyan hakimiyyəti yetişmiş bir meyvəyə bənzəyir və artıq yerə düşmə ərəfəsini yaşayır. Hesab edirəm yaxın zamanlarda, xüsusən yaz aylarından sonra bu baş verəcək. Sarkisyanın devrilməsi özbaşına baş verməyəcək. Hakimiyyət daxilində bilirsiniz ki, Köçəryan tərəfdarları da var. Onun tərəfdarlarının hakimiyyətlə koalisiyadan çıxması və gələcəkdə hazırkı iqtidarın Köçəryanla əvəzlənməsi Ermənistanda heç bir vəziyyəti dəyişməyəcək. Çünki, Köçəryan da Sarkisyanla bərabər Qarabağ klanından Rusiyanın təyinatı ilə hakimiyyətə gəlmiş şəxslərdəndir. O da Rusiya tərəfindən idarə olunur. Düşünürəm ki, Qarabağ klanını təmsil etməyən yeni qüvvələr və indiki reallığı anlayan siyasi qüvvələr hakimiyyətə gəlməlidir. Belədə onlar Ermənistan dövlətinin maraqlarına uyğun olmayan davranışlardan çəkinə bilərlər. Ola bilsin, Köçəryanın göstərişi ilə hakimiyyət koalisiyasında istefalar olsun. Amma hakimiyyətin dağılması Rusiyanın göstərişi ilə baş verə bilər ki, bu da yaz aylarından sonra üzə çıxa bilər".