Malıbəyli və Quşçuların işğalından 23 il ötür
11 Fevral 2015 10:00 (UTC+04:00)
Bu gün Şuşanın Malıbəyli və Quşçular kəndlərinin
işğalı günüdür. Yuxarı Quşçular – Azərbaycan Respublikasının Şuşa
rayonunun inzibati ərazi vahidində kənddir. 1992-ci ildə Ermənistan
Silahlı Qüvvələri tərəfindən işğal edilib. Yuxarı Quşçular kəndinin tarixi 18-ci yüzillikdə buraya
yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç edib.
Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır.
Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın
ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra,
azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar.
1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki
Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra
ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə
almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin
fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum
etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal
nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və
muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan
əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə
tamamilə yandırıldı. Malıbəyli -
1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə kənddəki
əhalinin sayı 280 nəfər olub. Onların hamısı milliyətcə
azərbaycanlıdır. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi
XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə
məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması
nəticəsində yaranıb. Oykonim Malıbəy və -li komponentlərindən
düzəldilibdir. Kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması
ilk günlərdən bu kəndin əhalisinin qadınlarının əsas məşğuliyyəti
olub. Demək olar ki, bir çox ailələrdə toxucu dəzgah (hana və yer
hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça,
kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxumağı
bacarırdılar. Palıddan və vələsdən xarratlar müxtəlif məişət
əşyaları hazırlayırdılar. Qab-qacaq, o
cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq
(yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə,
örkən toxumaq üçün) belə əşyalara misal ola bilər. Bu kənd
xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun,
məfrəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd –
təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək
Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta
əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları
ilə oxşardır. Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa
şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Əsasən
azərbaycanlılardan ibarətdir. Əhalinin əksəriyyəti hal-hazırda
Sabunçu rayonu ərazisində 2007-ci ildə salınmış Ramana-450
qəsəbəsində məskunlaşıb.
