5 qiymət alanların 42,46 faizi attestat qiymətlərini doğrulda bilib
11 Fevral 2015 12:16 (UTC+04:00)
2014-cü ildə orta məktəbi "5" qiyməti ilə bitirən
məzunların yalnız 42,46 faizi attestat qiymətlərini doğrulda bilib.
Movqe.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə bu gün "Abituriyent-12"
jurnalının təqdimat mərasimində çıxış edərkən
deyib.
Komissiya sədrinin sözlərinə görə, tam orta
məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların
97,17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200
bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız
42,46 faizi attestat qiymətlərini doğrulda bilib.
M.Abbaszadə hesab edir ki, bu, məktəblərdə verilən
aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə
nisbətən şişirdildiyini göstərir: "Əlbəttə, obyektiv
qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş
nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda
isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı
nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı
bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz
biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil
müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim
zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də
rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri
arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat
qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı
deyilik".
M.Abbaszadə deyib ki, 2014-cü ildə
abituriyentlərin 64,7 faizi imtahandan "2", 13,6%-i "3", 15,7%-i
"4", 6%-i isə "5" qiymət alıb. 2013-cü ildə bu göstəricilər uyğun
olaraq 65%, 13,8%, 15,7%, 5,6% olub: "Göründüyü kimi, bu il "2" və
"3" qiyməti alanların faizi nisbətən azalıb, "5" qiyməti alanların
faizi artıb, "4" qiyməti alanların faizi isə dəyişməyıb. Qəbul
olanların 29,9%-ni "3", 40,2%-ni "4", 15,5%-ni isə "5" qiymət
alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 27,7%,
41,3%, 14,8% olub".
TQDK sədri bildirib ki, bu il Daşkəsən, Ağsu,
Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad,
Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı
rayonları, eləcə də Naxçıvan MR-inı Kəngərli, Sədərək və Babək
rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin
40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı
olub.