27 saxta diplom aşkarlandı
11 Fevral 2015 13:00 (UTC+04:00)
Bu tədris ili üzrə magistraturaya və rezidenturaya
qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim
etdiyi məlum olub. Movqe.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün
"Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış
edərkən deyib. Komissiya sədri deyib
ki, ölkə prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan
"Tələbə-Məzun" Elektron Məlumat Sisteminə bu günə qədər
-1992-2014-cü illər üzrə 2 milyon 460 min 557 şəxs haqqında məlumat
daxil olunub. Onlardan 23 mini Tələbə Qəbulu üzrə Dövlət
Komisisyası tərəfindən heç bir ali məktəbə qəbul olunmamış
tələbələrdir. Onların TQDK tərəfindən ali məktəbə qəbul olmaması
diplomdan sonra olan qəbul imtahanlarda iştirak üçün sənəd verdikdə
aşkar olunub.
M.Abbaszadə deyib ki, 2014-cü il ərzində müxtəlif
qurumlar TQDK-ya sorğular göndərərək 4900 insan haqqında məlumat
istəyiblər: " Onlardan 1500-nün bizim tərəfindən heç bir yerə qəbul
olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona
bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200
nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim
tərəfimizdən heç yerə qəbul olunmayıblar".
M.Abbaszadə bildirib ki, bu il magıstraturaya və
rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən
heç bir yerə qəbul olunmayıb: "Onlar müxəlif yollarla –daxili
köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsi ilə ali məktəblərdə
mövcud olurlar. Buna əlavə şərh vermək istəmirəm. Amma bundan başqa
onu da qeyd etmək istəyirəm ki, onların arasında 27 nəfər saxta
diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil
Nazirliyi tərəfindən verilməyib".