Bakıda məişət tullantılarının daşınmasında problem- Çeşidlənərək yığılan tullantıları qarışdırıb daşıyırlar

11 Fevral 2015 13:49 (UTC+04:00)

Yəqin ki, çoxunuz paytaxtda müxtəlif yerlərdə qoyulmuş məişət tullantılarını çeşidləməyə imkan verən zibil qablarına rast gəlmisiniz. Bəlkə də çoxunuz əlinizdəki məişət tullantısını həmin qablara atarkən üzərində göstərilən qeydə əməl edərək tullantını müvafiq qutunun içərisinə də atmısınız. Amma... Zibilin çeşidləməyə imkan verən bu qutudan təyinatı üzrə istifadə edənlərin sayı günü-gündən artsa da, paytaxtda hələ də bu qutulara toplanan məişət tullantılarının çeşidlənərək daşınması təmin olunmayıb. Baxmayaraq ki, hələ 2012 –ci ildə Bərk Məişət Tullantılarının Utilizasiya Zavodunun açılışında Azərbaycan prezidenti demişdi: "Bundan sonra əsas məsələ bərk məişət tullantılarının yığılma,çeşidlənmə və təkrar emalı proseslərinin bir-biri ilə uyğunlaşdırılmasıdır".  Hazırda ölkədə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu fəaliyyət göstərsə də, məişət tullantılarının ilkin çeşidlənərək daşınması bu işin vacib aspekti olaraq qalır. Əslində zibilin çeşidlənməsi küçələrdəki zibil konteynerlərinə tullantılar atılmamışdan əvvəl həyata keçirilməlidir. Hələ illər öncə ekoloqlar bunun üçün əhaliyə rəngli sallofan torbaların verilməsi təklifini irəli sürmüşdülər. Bu təklif gerçəkləşməsə də, paytaxtda daha yaxşı təcrübədən istifadə edilərək zibilin çeşidlənməsinə imkan verən üç rəngli qutular qoyuldu. Bu qutular hər yerdə olmasa da, artıq Bakıda çox yerlərdə qoyulub. Reallıq isə onu göstərir ki, əslində əhalidə zibili çeşidləyərək atmaq mədəniyyəti formalaşsa da, aidiyyatı qurumlar məişət tullantılarını çeşidləyərək daşımağa maraqlı deyillər.  Müşahidələrimiz də göstərdi ki, həmin qutularda çeşidlənən zibillər daşınma zamanı digər məişət tullantılarına qarışdırılır ki, bu da zibilin çeşidlənməsinin əhəmiyyətini itirir. Halbuki, təkrar emal sənayesinin stimullaşdırılması üçün ölkədə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu fəaliyyət göstərir. Elə Təmiz Şəhər ASC-dən də zibilin çeşidlənərək onlara təhvil verilməsinin böyük kömək olduğunu söyləyirlər. Təmiz Şəhər ASC-nin mətbuat katibi Vüqar Babayev deyir ki,bizə yığılmış tullantılar qarışıq formada təhvil verilir: "Bakı şəhərində məişət tullantılarının toplanması və daşınması fəaliyyətini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir."Təmiz Şəhər" ASC bu icra qurumunun yığdığı tullantıları təhvil alaraq onları zərərsizləşdirmə və yerləşdirmə işini görür.  Cəmiyyət təhvil aldığı məişət tullantılarını Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləyərək təkarar emala yararlı materialları ümumumi kütlədən ayırır. Məişət və qeyri məişət tullantılarının qarışıq halda yığılması zavodun işini artırır və məhsuldarlığı aşağı salır.  Məişət tullantıları bəzi ölkələrdəki kimi qida və qeyri qida tullantıları olaraq 2 qrup halında yığılsa çeşidləmə zamanı proses daha sürətli gedər, işə sərf olunan vaxt azalar. Həmçinin, bu tullantıların qarışması onların bir hissəsini təkrar emala yararsız hala gətirir. Məsələn, qida tullantılarında yaranan sular kağız, karton kimi materiallara toxunduqda həmin materialaları təkrar emal üçün yararsız hala salır". 

V. Babayevin sözlərinə görə,əgər çeşidlənərək yığılmış tullantı bir maşında daşınır və daşınma zamanı gerçəkdən qarışırsa o zaman toplanarkən aparılmış çeşidləmə işi heç bir məna daşımır. 

V. Babayev deyir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi ərazisində pilot layihə kimi tullantıların düzgün idarə edilməsi sisteminin qurulması üçün "Təmiz Şəhər" ASC tərəfindən "Təmiz Qala" layihəsi həyata keçirilir: "Layihənin məqsədi  Qala qəsəbəsi ərazisində  tullantılarının yığımının və daşınmasının, o cümlədən sonrakı utilizasiyasının müasir standartlara uyğun təşkil etməkdir. Layihə çərçivəsində qəsəbə ərazisində tullantıların toplanması üçün 150-dən artıq tullantı meydançası qurulmuş və tullantıların mütəmadi daşınması təşkil edilib. Bundan əlavə, tullantı konteynerləri sanitariya və gigiyena normalarına uyğun mütəmadi yuyulur və dezinfeksiya edilir. Qəsəbə ərazisində fəaliyyət göstərən bütün texnika GPS naviqasiya sisteminə qoşulub, bu isə istənilən zaman texnikanın işini, harada yerləşdiyini izləmək və kontrol etmək imkanı yaradır. Tullantıların idarə edilməsinin düzgün və səmərəli icrası məqsədi ilə tullantıların üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi sistemi tətbiq edilir. Bu məqsədlə iki müxtəlif rəngdə - yaşıl və göy rəngdə konteynerlər təchiz edilib. Qəsəbə sakinlərinin çeşidləmə prosesində fəal iştirakını təmin etmək üçün bu istiqamətdə əhali arasında geniş təşviqat işləri həyata keçirilir. Tullantıların çeşidlənməsi və təkrar emalı təbii sərvətlərə və enerjiyə qənaət, həmçinin ucuz xammal bazarının genişləndirilməsi deməkdir".

Bəs görəsən paytaxtda çeşidlənən zibil hansı səbəbdən çeşidlənərək daşınmır? Movqe.az bu sualı Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə ünvanlayıb.Qurumun hüquqşunası Yalçın Məmmədov isə daşınmada heç bir problem olmadığını iddia edir: "Siz bilsəniz ki, biz o məişət tullantılarını necə daşıyırıq, onda daşımada problemin olmadığını söyləyərsiniz. Axı bu gün vətəndaşlar zibili çeşidləyərək atmır. Heç zibil qutularına atmırlar ki, zibili rahat maşınlara boşaldaq. Belə bir vəziyyətdə siz zibilin çeşidlənərək daşınmasından dəm vurursunuz. Heç o rəngli qutulara da zibili çeşidləyib atmırlar. Şüşə qutusundan başqa məişət tullantısı çıxır. Ona görə də, biz ümumi yığıb poliqona aparırıq, onlar özləri çeşidləyirlər".

Y. Məmmədov deyir ki, bir-iki qutu çeşidlənmiş zibili ayrı daşımağa ehtiyac yoxdur. Ekoloqlar isə bu problemin kifayət qədər ciddi olduğunu, ölkədə məişət tullantılarının daşınması ilə maraqlı olan qurumların zibili çeşidləyərək daşımağa, eləcə də çeşidlənmiş zibili ayrıca daşımağa maraqlı olmadığını söyləyirlər. Ekoloq hüquqşunas Samir İsayev deyir ki, məişət tullantılarının idarə olunması əslində çox mürəkkəb prosesdir. Ölkəmizdə isə ən böyük problem məişət tullantılarının utilizasiyası və çeşidlənərək daşınmasındadır. Ekoloqun fikrincə, zibilin çeşidlənməsinə həm əhalini, həm də məişət tullantılarını daşıyan qurumları stimullaşdırmaq lazımdır: "Bizdə zibilin daşınmasına görə bir tarif müəyyənləşib. Xarici ölkələrdə isə zibilin çeşidinə görə bu tarif dəyişir. Heç də xarici ölkələrdə zibil maşınları hər gün zibil daşımır. Çünki, zibil çeşidlənir. Məişət, qida  tullantıları daha çox daşındığından, onun daşınma xərci də yüksək olur. Digər, polietilen və sair tullantılar isə az istifadə olunduğundan onları daşımaq üçün həftədə bir dəfə zibil maşını aidiyyatı ünvanlara gedir. Əhali də belə halda polietilen, şüşə qabları qida qalıqlarına qatmır ki, zibilin çəkisi çox gəlməsin. Daşıyan qurum isə hər məişət tullantısına fərqli qiymət qoyulduğundan, zibilin çeşidlənməsində və çeşidlənmiş formada daşınmasında maraqlı olur. Çünki, təkcə qida tullantılarını hər gün daşıdığı halda, şüşə, karton, polietilen tullantıları daşımaq üçün həftədə bir dəfə məişət tullantıları daşıyan avtomobili müvafiq ünvanlara göndərir ki, bununla da yanacağa qənaət etmiş olur".  

S. İsayev bundan əlavə qanunvericilikdə də məişət tullantılarının daşınma mexanizmi ilə bağlı boşluqlar olduğunu deyir: "Bundan istifadə edən qurumlar da, zibili daşıyarkən çeşidlənmə məsələsinə məsuliyyətli yanaşmırlar. Çeşidlənən zibili belə çeşidlənmiş formada aidiyyatı zavoda təqdim etmirlər. Vətəndaş zibili çeşidləyərək atsa da, digər qurum nə həmin vətəndaşın əziyyətini nəzərə alır, nə də ki, fəaliyyət göstərən zavodda çalışanların işini. Üstəlik tutaq ki, vətəndaş karton, kağız tullantısını çeşidləyibsə, həmin qurum daşıma zamanı  onu sulu məişət tullantısına qatmaqla onun təkrar emalını mümkünsüz edir. Ona görə də, bu proses, məişət tullantılarının çeşidlənmə, daşınma, utilizasiyası prosesi ölkə başçısının dediyi kimi bir-birinə uyğunlaşdırılmalıdır. Hələlik isə buna paytaxtda məişət tullantılarını daşıyan qurumlar barmaqarası baxırlar".