Ermənilərin «soyqırımla» bağlı arxiv qorxusu

12 Fevral 2015 08:30 (UTC+04:00)

Qabil Hüseynli: "Say nisbəti üzrə rəqəmlər düz gəlmədiyindən ermənilər arxivlərin açılmasına razı olmurlar"


Tarixdə olmayan "erməni soyqırımı" ilə bağlı erməni lobbisi son dövrlərdə daha aktiv fəaliyyət göstərməkdədir. Türkiyə tərəfi isə dəfələrlə bəyan edib ki, bu məsələ ilə bağlı bütün suallara cavab verilməsi üçün arxivlər açılsın, məsələnin çözülməsi isə tarixçilərə həvalə edilsin. Növbəti dəfə bu məsələyə toxunan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kolumbiya səfəri çərçivəsində Baqota Eksternado Universiteti və Ankara Universiteti tərəfindən təşkil edilən simpoziumda zamanı tarixin hakim qüvvələr tərəfindən yazıldığını bildirib: "Tarixin tarixçilər tərəfindən yazılmalı olduğunu düşünürük. 100 il boyunca türklərin ermənilərə, ermənilərin türklərə münasibəti obyektiv şəkildə yazılmayıb. Əgər erməni diasporu bu məsələdə səmimidirsə, biz bütün arxivlərimizi açırıq. Araşdırılan tarixi sənədlərin sayı 1 milyondan çoxdur. Tarixçilər, mütəxəssislər çalışsınlar, sonra gəlib nəsə təqdim etsinlər". Bundan başqa Türkiyə prezidenti, həmçinin ölkələr arasındakı münasibətdə ilk addımın da məhz Türkiyə tərəfindən atıldığını vurğulayıb: "1915-ci il hadisələri ilə bağlı erməni diasporunun fəaliyyətinin düzgün istiqamətdə aparılmadığını bilirik. Ermənistana əl uzadan ilk biz olduq. Yeni bir səhifə açmaq istədik, lakin bizim əlimiz havada qaldı. Aprelin 24-də Çanaqqalada olmaları üçün dəvət göndərdik, amma bu dəfə də sülhə razı olmadılar".

Görünən odur ki, Ermənistan arxivlərin açılmasında bundan sonra da maraqlı deyil. Çünki həqiqətin üzə çıxması Ermənistanın yalançı təbliğatına yaxşı heç nə vəd etmir. Məsəəl ilə bağlı millət vəkili Elman Məmmədov qəzetimizə açıqlamasında qeyd edir: "Ermənistanın qondarma soyqırımla bağlı həqiqətlərin üzə çıxması üçün arxivlərin açılmasından qaçmasının səbəbi odur ki, onların tarixi həqiqətlərin üzə çıxmasından qorxurlar. 1915-ci ildə türk əsgəri cəbhələrdə savaşırdı. Türkiyəyə qarşı müharibə açan dövlətlər vardı. Həmin dövlətlər Türkiyə ərazisində yaşayan erməniləri silahlandırmış və təşkilatlandırmışdılar. Türkiyəyə qarşı vuruşan Fransa ordusunun tərkibində erməni legionu yaradılmışdı. O cümlədən çar Rusiyası da erməniləri silahlandırmışdı. Onlar ermənilərə Türkiyə daxilində üsyan qaldırmağı təklif etmişdilər. Hətta vəd etmişdilər ki, ermənilərə Türkiyə ərazisində dövlət yaratmağa kömək edəcəklər. Buna görə də silahlanmış erməni dəstələri Türkiyə ərazisində dinc türk əhalisinə qarşı kütləvi qırğınlar törətdilər. Vanda, Ərzurumda, Qarsda, İqdırda, Bitlisdə ermənilər belə qırğınlar törədib. Tarixi həqiqətlər ortalıqdadır. Bu tarixi həqiqətləri təkcə Türkiyəa alimləri yazmayıb, Qərb və Rusiyanın da bir çox alimləri bu məsələdə həqiqətləri üzə çıxarıb. Həqiqət ortalıqda olduğundan və həmin həqiqətlər arxivlərdə toplandığından ermənilər neçə illərdir ki, Türkiyənin bu təklifindən qaçır. Türkiyə tərəfi dəfələrlə bəyan edir ki, öz tərəflərindən bütün arxivləri açır. Faktı tarixçilər araşdırsınlar. Amma ermənilər buna getmir, çünki onlara sərf etmir. Eyni zamanda, erməniləri həvəsləndirən havadarlarına da arxivlərin açılması sərf etmir. Çünki, bu halda həqiqət üzə çıxacaq və onda Türkiyə Ermənistana qarşı soyqırım iddiası ilə çıxış etməli olacaq. Təəssüf ki, türk tarixçiləri uzun illərdir bu istiqamətdə iş aparmayıb. Sadəcə, son bir neçə ildir ki, bu istiqamətdə işləyirlər. Ermənistana və ona havadarlıq edən ölkələrin hamısına aydındır ki, arxivlər açılsa, Ermənistan fakt qarşısında qalacaq. Məlum olacaq ki, tarixin həmin dövründə erməni quldurları Türkiyə ərazisində, eynilə Qafqazda, Bakı da daxil olmaqla Azərbaycanın tarixi torpaqlarında kütləvi soyqırım törədiblər. Bu həqiqi tarixin üzə çıxması isə ermənilərə sərf etmir. Ancaq tarixin üzü sərtdir. Bir gün bu həqiqətlər üzə çıxacaq və ermənilər qurduqları bu oyunun qarşısında cavab verməli olacaqlar".

Millət vəkili Musa Qasımlı bildirdi ki, erməni tərəfinin əlində mötəbər mənbə, dəlil yoxdur: "Onlar əsasən xatirələrə əsaslanırlar. Ermənilərin əlində mötəbər mənbələr olsaydı, çoxdan onu açıb nəşr etmişdilər. Buna görə də ermənilər 1915-ci il hadisələrinə həsr olunan arxivlərin açılmasından boyun qaçırırlar. Ermənilər belə hesab edir ki, qondarma "soyqırım" məsələsi tarixçilərin müzakirəsinə verilsə, o zaman "mübahisəli" olacaq və həm erməni cəmiyyətində, həm də xaricdə şübhələr yaranacaq. Ermənilərin fikrincə, bu məsələ bitmiş bir məsələdir. Türkiyədə isə arxivlər açıqdır. Türkiyənin bu məsələdə mövqeləri zəif deyil. "Erməni soyqırımı" deyilən bir şey tarixdə olmayıb, uydurmadır".

Politoloq Qabil Hüseynli düşünür ki, ermənilər əsl həqiqətlərin üzə çıxmasından qorxduqlarından arxivlərin açılmasından qaçırlar: "Erməni soyqırımı" olmayıb. Ermənilər guya 1,5 milyon insanın soyqırıma məruz qaldığı barədə mif yaradır. Amma həmin zamanlarda bu ərazilərdə cəmi 850 min erməni yaşayıb. Necə ki, 850 mini öldürəndə 1,5 milyon edir? Bu, dünya tarixində görünməmiş məsələdir. Amma əslində. onlar öldürülməyib. Bu adi köç siyasəti idi. Bu zaman bəziləri xəstəlikdən ölüb, bəziləri də kürd quldur dəstələrinin hücumu ilə həlak olub. Onların işərisində də ermənilər tək deyildi. Orada türk və kürdlər də vardı. Say nisbəti üzrə rəqəmlər düz gəlmədiyindən ermənilər arxivlərin açılmasına razı olmurlar. Osmanlı arxivində köç haqqında Osmanlı sultanının sərəncamı yerləşir. Habelə, köçün təçkili ilə bağlı yaranan komissiyanın tərkibi, köçün marşurutu, yerləşmə ilə bağlı yerli məmurlara verilən göstərişlər, yolda ölənlərlə bağlı məlumatlar, hamısı arxivlərdə saxlanılan sənədlərdə öz əksini tapıb. Osmanlı arxivlərində cəmi 170 min adamın ölməsi ilə bağlı arxiv materialları var. Onlar da müxtəlif xalqları təmsil ediblər. Lakin ermənilərin ömrü boyu nə arxivləri, nə dövlətləri olub, amma saxta yolla 1,5 milyon insan haqqında danışırlar. Hər bir soyqırım o zaman soyqırım hesab olunur ki, onu sübut edən əşyayi-dəlil olsun, video, audio materiallar olsun. Ən başlıcası soyqırım haqqında məhkəmə hökmünün olmasıdır. Məhkəmə də dəlillərə əsaslanaraq qərar verir. Məsələn, yəhudi soyqırımı haqqında Nürnberq məhkəməsi qərar verərək, onu soyqırım kimi tanıdı. Çünki, 6 milyondan çox adam krimatoriyalarda, həbs düşərgələrində ölməsi haqqında hətta almanların özlərinin tərtib etdiyi materiallar vardı. Materialların bir qismi də kino materialları idi. Amma ermənilər ortaya bir tutarlı dəlil çıxara bilmirlər. Haranı qazırsan, azərbaycanlı meyitlərin qalıqları çıxır. Bu qalıqlara Qarsdan başlayaraq Urmiyə, Nefçala, Salyan, Bakı, Qubada da rast gəlinir. Qubada ermənilər tərəfindən törədilən qətliamın nəticəsində böyük sayda insan sümükləri aşkara çıxarılıb. Bura muzeyə çevrilib. Əşyayi-dəlil budur. Ermənilər iki milyondan çox türk və azərbaycanlını qətlə yetirib. Soyqırıma azərbaycanlılar məruz qalıb. Ermənilərin bu uydurmaları isə cəfəngiyatdır".