İqtidar-müxalifət təmasları intensivləşir

12 Fevral 2015 09:45 (UTC+04:00)

Xəbər verildiyi kimi, fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində növbəti dəfə iqtidar-müxalifət dialoqu keçiriləcək. Əvvəlki dialoqlardan fərqli olaraq bu dəfə Azərbaycanda qeydiyyatdan keçən bütün siyasi partiyalar bu dialoqa dəvətlidirlər. Dialoq, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həmçinin Yeni Azərbaycan Partiyasının Dialoq və siyasi partiyalarla əlaqələr üzrə komissiyasının sədri, İdarə Heyətinin üzvü Əli Həsənov tərəfindən aparılacaq.

Xatırladaq ki, son dialoq da Əli Həsənovun iştirakı ilə 2014-cü il dekabrın 13-də baş tutub. İki aydan sonra yenidən tərəflərin masaya gəlməsi artıq dialoqun mütəmadi xarakter almasından xəbər verir ki, bu da bütövlükdə siyasi proseslərə töhfə verəcək amil kimi dəyərləndirilir.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov "Mövqe"yə açıqlamasında bildirir ki, YAP iqtidar partiyası olaraq bu gün Azərbaycan dövlətinin iqtisadi, siyasi qüdrətinin artmasında çox maraqlıdır: "Odur ki, bütün bu proseslərdə fəal iştirak edir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması ondan qaynaqlanır ki, ümummilli lider Heydər Əliyevin siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkədə iqtidarla vətəndaş arasında çox böyük qarşılıqlı ünsiyyət var. Biz çox istərdik ki, vətəndaşla iqtidar arasındakı bu ünsiyyət müxalifətdə də olsun. Yəni, bizim başlıca məqsədimiz milli maraqların öndə durmasıdır. Ona görə də Azərbaycan milli maraqlarına zidd hər bir hərəkət iqtidar tərəfindən qəbul olunmaycaq. Ancaq dövlətçilik maraqlarımıza xidmət edən hər siyasi mərkəzlə YAP həmişə dialoqda maraqlı olub. Ölkədə nə qədər ki, vətəndaşlar arasında birlik olacaq, bu, biro qədər də bizim birliyimiz, qələbəmiz deməkdir. Dialoq bütövlükdə Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə əlamətdar bir haldır. Demokratiyanın inkşafında xüsusi rol malikdir. Bizim milli maraqlarımıza xidmət edən hər bir quruma YAP-ın, ümumiyyətlə, iqtidarın qapıları həmişə açıqdır".

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirir ki, hələlik format və predmetdən xəbəri yoxdur: "Müxalifətin bəzi qüvvələri elə hesab edir ki, bu cür görüşlər hakimiyyətə hücum etmək üçün bir fürsətdir. Bu, tamam yanlış düşüncədir. Siyasi dialoq qarşıdurma yox, əməkdaşlıq müstəvisidir. Əməkdaşlıq meyli olmayan qüvvələrin bu prosesdə iştirakına ehtiyac yoxdur. Onların burada iştirakı prosesin özünün əleyhinədir".

ADP sədri əlavə etdi ki, siyasi dialoq anlayış kimi xüsusi mənaya malikdir: "Seçki və küçə mübadiləsi ilə həll edilməsi mümükün olmayan problemlərin həllində bu metod geniş istifadə olunur. Məqsəd odur ki, hansısa problemin həllində iqtidarla müxalifət birlikdə əməkdaşlıq etsin. Dioluq ilə siyasi dialoqun fərqi odur ki, dialoq danışıqlardır, siyasi dialoq isə iş görür. Problemin həllinə istiqamətlənmiş əməllər yoxdursa, orada siyasi dialoqdan söhbət gedə bilməz. Siyasi dialoqda hər iki tərəf bir problemin müəyyən hissəsini öz üzərinə götürür və həlli istiqamətində işlər görür. Bununla da demokratiya inkişaf edir".

Sərdar Cəlaloğlu ölkəmizdə siyasi dialoq vacibliyini vurğuladı: "Demokratiyanın iki prinsipi var: çoxluq və konsensus. Seçkilərdə və üsyanlarda məsələni çoxluq həll edir. Çoxluq əhəmiyyət daşımayan yerdə isə azlıqla çoxluğun əməkdaşlığı tələb olunur. Amma bizdə ictimai fikirdə demokratik maarifçilik aşağı olduğuna görə konsensus hökumətə işləmək kimi başa düşülür. Siyasi dialoqlar baş tutarsa, ölkədə demokratiya uğrunda nəhəng addım atmış olarıq. Müxalifət-iqtidar münasibətləri yeni müstəviyə gələ bilər".