Mikayıl Cabbarov Məleykə Abbaszadəyə cavab

12 Fevral 2015 16:52 (UTC+04:00)

Dünən KİV-lərdə təhsil sahəsi ilə bağlı yayılan məlumatlarla bağlı Təhsil Nazirliyinə daxil olan sualları ümumiləşdirərək  nazirlik həmin suallara cavab verib. Nazir Mikayıl Cabbarov sosal şəbəkədəki hesabından bu barədə məlumat yayıb: 

KİV-dən daxil olan "Son illərdə məktəb məzunlarının nəticələri yüksəlir yoxsa enir?" sualına nazirliyin cavabı belə olub: "  Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Gəlin onların nəticələrinə diqqət yetirək.  2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış (yəni, müsbət qiymət almış) məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib. 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb. Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir".

"Qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir "2"-ə, 200 – 300 bal - "3"-ə, 300 – 500 bal - "4"-ə, 500 – 700 bal - "5"-ə) uyğunlaşdırılması əmsalı doğrudurmu?" sualına cavabda isə Nazirlikdən bu cavab verilib: "Xeyr, belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyildir".

"Qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkündürmü?" sualına isə nazirliyin verdiyi cavabda göstərilib ki, " Yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələri belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər".