Politoloqlardan bədbin Ukrayna proqnozları

12 Fevral 2015 19:30 (UTC+04:00)

Vəfa Quluzadənin fikrincə, münaqişə tezliklə həll olunmayacaq

Ukraynanın şərqində münaqişənin aradan qaldırılması üçün Avropa liderləri yeni təkliflər təqdim ediblər. Lakin hazırkı durumda münaqişənin tezliklə həll olunacağı inandırıcı deyil. Buna səbəb kimi, Rusiyanın separatçılara dəstəyini göstərmək olar. Bu münaqişədə artıq Rusiya tərəf kimi təqdim olunur. Buna görə də, Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Fransua Olland danışıqları birbaşa Rusiya prezidenti Vladimir Putin ilə aparırlar. Avropalı ekspertlər Avropa liderlərinin yeni təkliflər verməsinə səbəb kimi, ABŞ-ın Ukraynaya silah verməsinin qarşısını almaq olduğunu bildirirlər. Angela Merkel ilə Fransua Olland Ukrayna münaqişəsinin həlli üçün ilkin olaraq uzunmüddətli atəşkəsin qorunması və cəbhə xətti boyunca 50-70 kilometrlik zolağın yaradılmasını təklif etdikləri güman edilir. Avropalı politoqlar düşünür ki, Minsk sazişinin bağlandığı dövrdən indiyədək çox şeylər dəyişib. Buna görə də, Merkel ilə Olland Donbas ərazisinə daha geniş muxtariyyət verilməsini düşünürlər. Ukrayna rəhbərliyi də danışıqların nəticə vermədiyi təqdirdə ölkədə hərbi vəziyyət elan edəcəklərini bildiriblər. Ukrayna prezidenti Pyotr Poroşenko qeyd edib ki, bütün ölkə boyu hərbi vəziyyət elan edilməsinə qərar verilə bilər: "Ölkənin şərqində münaqişə davam etsə, mən bu qərarı verməyə tərəddüd etməyəcəyəm. Bizim dövlət indiki durumda həm sülhə, həm də müharibəni davam etdirməyə hazır olmalıdırlar". Prezident Ukraynanın unitar dövlət olaraq qalacağını vurğulayıb.


Movqe.az xəbər verir ki, Millət vəkili, politoloq Rasim Musabəyov "Kaspi"yə açıqlamasında bildirib ki, Fransa prezidenti Frasua Olland ilə Almaniya kansleri Angela Merkel də verdikləri təkliflərin nəticə verəcəyinə inanmır: "Lakin onlar səylərin davam etdirilməsinin vacib olduğunu bildirirlər. Hadisələr hazırda çox təhlükəli məcrada davam edir. Olland ilə Merkel də xəbərdar ediblər ki, danışıqlar nəticə verməsə müharibə davam edəcək". Rasim Musabəyov qeyd edib ki, Rusiya qarşı tətbiq olunacaq yeni sanksiyalar o qədər təsirli olmayaq: "Çünki yeni sanksiyalar Rusiyanı "SWIFT"-dən xaric etməyəcək. Hazırkı sanksiyalar ayrı-ayrı şəxslərə tətbiq olunacaq. Ona görə də bu sanksiyalara görə Rusiya geri çəkilməyəcək. Rusiya üçün əsas təhlükə ABŞ-ın Ukraynaya silah yardım etməsi olacaq. ABŞ-ın Ukraynanı letal silahlarla təmin etməsi realdır".


"ABŞ-ın Ukraynanı silahla təchiz etməsinə Rusiyanın reaksiyası necə olacaq" sualına Rasim Musabəyov "Rusiya heç nə edə bilməyək" deyə cavab verib. O Rusiyanın dünya müharibəsinə başlayacağına da inanmadığını bildirib.


Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə qəzetimizə açıqlamasında bildirib ki, Ukrayna münaqişəsinin həll olunacağı haqqında nəsə demək çox çətindir: "Mən düşünürəm ki, Ukraynada müharibə davam edəcək. Lap müvəqqəti sülh olsa da, Ukraynanın şərqindəki münaqişə həll olunmayacaq. Hazırda Rusiyaya qarşı sanksiyalar davam etməlidir. Yeni sanksiyaların tətbiq edilməsi də münaqişənin həllinə kömək edə bilər". V.Quluzadə qeyd edib ki, danışıqlar nəticə vermədiyi halda ABŞ-ın Ukraynaya letal silah verəcəyi gözlənilir: "Rusiya, onsuz da, separatçılara böyük dəstək verir. Rus əsgərləri Ukraynada döyüşür, onlara hərbi yardımlar edir".