Manat MDB-nin vahid valyutası olacaq?!

13 Fevral 2015 08:00 (UTC+04:00)

Yaşar Əsədov: "Gözləmək olar ki, ancaq ikitərəfli münasibətlərdə milli valyutalardan istifadə daha da güclənəcək"


Son zamanlar bir sıra ölkələr ticarət əlaqələrində dollardan imtina etməyə xüsusi səy göstərməkdədirlər.

Bu istiqamətdə Rusiya və İran daha çox fəallıq göstərməkdədir. İndi isə Rusiyanın ardınca Qazaxıstan da dollardan imtina etməyə hazırlaşır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını barbarlığa bənzədib və bundan Qazaxıstana da ziyan dəydiyini bildirib.

Nazarbayev hökumətin iclasında çıxış edərkən Orta Asiya ölkələri iqtisadiyyatını dollarsızlaşdırmağa çağırıb, Rusiyanın iqtisadi çətinlikdən şərəflə çıxacağına əmin olduğunu söyləyib: "Qazaxıstan da bu çətinlikdən çıxacaq. Son vaxtlar rublun dəyərdən düşməsi Qazaxıstan şirkətlərinə pis təsir göstərib". Maraqlıdır, bu gedişlə MDB məkanında ticarət başqa valyuta ilə aparıla bilərmi? Son illərdə sabit mövqedə dayanan manatın MDB-nin vahid valyutası olması mümkündürmü?

İqtisadçı alim Oqtay Haqverdiyev dolların hegomonluğu fonunda MDB məkanında və yaxud hər hansı bir yerdə ticarətin başqa valyutalarla aparılmasının hələlik mümkünsüz oldunu qənaətindədir: "Artıq uzun müddətdir ki, bir sıra ölkələr öz aralarındakı ticarətdə dollardan imtina etmək məsələsini gündəmə gətirirlər. Hələ Ukrayna hadisələrindən öncə də bu istiqamətdə söhbətlər olub. Bu istiqamətdə dəfələrlə məsələ qaldırılıb. Amma dollardan imtina etmək mümkün deyil. Hətta texniki nöqteyi-nəzərdən də bu mümkünsüzdür. Rusiyanın idxalının həcmi 70 milyard dollara yaxındır. Onu rublla həyata keçirmək istəyi baş tutan deyil. Bunun üşün dollar lazımdır. İndiki halda hətta rus rubluna yaxın duran olmayacaq. Bu istiqamətdə səslənən fikirlər əslində, siyasi xarakter daşıyan söz-söhbətlərdir. Bununla iddia etmək istəyirlər ki, dollarsız da dolana bilərlər. Amma belə deyil. Məsələ hətta ABŞ-ın özü ilə bağlı deyil. Söhbət Amerikanın iqtisadiyyatı ilə bağlıdır. Dünya ticarətinin 80 faizi dollarla hesablanır. Yalnız yerdə qalan 20 faizə yaxını avro ilə aparılır. Yəni, dollar tutumluğuna görə, ən qüdrətli valyutadır. Ona görə də heç bir ölkə hazırkı vəziyyətdə dollardan imtina etməz. Dünyada 23 ölkə var ki, öz milli valyutasını dollar adlandırıb. Hansısa ölkədə dollar işləyirsə, deməli, bu ölkənin müəyyən dərəcədə zəmanətli iqtisadiyyatı var. Hər bir ölkənin azdan-çoxdan dollar nisbətində valyuta ehtiyatı varsa, ona kredit də verirlər. Ayrı valyuta ilə ticarət aparanlara isə kredit verməyəcəklər. Ona görə də, dollardan imtina edərək xarici ticarətdə başqa valyutadan istifadəyə keçmək kimi söz-söhbətlər sadəcə olaraq, piar xarakteri daşıyır. Türkiyə Rusiya ilə milli valyutalarla ticarət etmək haqqında danışıq aparır. Bunun baş verməsi mümkün deyil. Çünki, Türkiyənin özünün bütün xarici ticarətinin 90 faizi Avropaya yönəlib. Avropadan gətirilən avtomobillər, texnika, bunlar hamısı dollar və avro ilə aparılır. Belədə, Rusiya əlaqələrdə rubla keçmək mümkünsüzdür".

Millət vəkili Vahid Əhmədov ticarətdə dollardan imtina təkliflərinin sadəcə, siyasi məqamlardan doğan məsələ olduğunu bildirdi: "Son zamanlar iqtisadi vəziyyətin pozulması, dünyada neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar olaraq, dollardan imtina edərək, ticarəti milli valyutalarla aparmaq istiqamətində müəyyən cəhdlər olub. Çin Rusiya, habelə İranla, bu yaxınlarda isə İraqla münasibətlərdə milli valyutalarla ticarətin aparılması məsələsi gündəmə gətirdi. Azərbaycan neft ixrac edən ölkədir. Onun haqq-hesabı da dünya bazarlarında dollarla aparılır. Ona görə MDB məkanında ticarətdə dollardan imtina və milli valyutalara keçmək bir o qədər də aktiv məsələ deyil. Hər bir dövlət istəyir ki, özünün milli valyutasını qoruyub saxlasın. Çünki, milli valyuta həmin dövlətlərin müstəqilliyinin bir əlamətidir. Azərbaycanın milli valyutası dönərli olmasa da, dözümlü valyutadır. Amma bu valyutanın MDB məkanında vahid valyuta kimi istifadə olunacağına inanmıram. Çünki, MDB-nin özü də ciddi təşkilat deyil. Ciddi təşkilat olsaydı, ondan sonra Avrasiya İttifaqının yaradılması və genişləndirmək cəhdləri də olmazdı. Ümumiyyətlə, ticarətdə dollardan imtina edilməsi və milli valyutalarla aparılması fikirləri müəyyən siyasi proseslərdən doğan bir məsələdir. Xüsusən də son zamanlar Avropa və ABŞ-ın Rusiyaya qarşı qoyduğu sanksiyalar belə məsələlərin gündəmə gəlməsinə rəvac verib".

Müstəqil ekspert Yaşar Əsədov isə bildirdi: "Burada söhbət ikitərəfli münasibətlərdə milli valyutalarla hesablaşmadan gedir. Məsələn, Qazaxıstan və ya Türkmənistan Azərbaycan manatını alıb, özündə ehtiyat valyuta kimi saxlamayacaq ki? Bunu yalnız Azərbaycanla ticarətdə həyata keçirə bilərlər. Əslində, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu mövzunu aktuallaşdırıb. Hamı başa düşdü ki, sabah hər bir ölkə belə şəraitlə üzləşə bilər. Prezident Vladimir Putinin Misirə səfəri çərçivəsində bu ölkə ilə Rusiya arasında qarşılıqlı münasibətlərdə milli valyutalardan istifadə haqqında ilkin qərar verilib. Eyni məsələ Çinlə də aparılır. Güman ki, Rusiya bu istiqamətdə Hindistanla da iş birliyi yaratsın. Belədə, gözləmək olar ki, ancaq ikitərəfli münasibətlərdə milli valyutalardan istifadə daha da güclənəcək. Amma bu amilin tam olaraq MDB məkanına tətbiqi inandırıcı deyil".