Qarabağ müharibəsi yenidən alovlanır…

13 Fevral 2015 08:30 (UTC+04:00)

Ermənistan təxribatlara əl atmaqdan vaz keçmir. Son zamanlar baş verən hadisələrdən belə qənaətə gəlmək olar ki, cəbhə zonasında ermənilərin diversiya fəaliyyəti hələ də səngimiş deyil. Bu arada xatırladaq ki, fevralın 11-də ermənilər Azərbaycan tərəfə 2 dəfə diversiya qrupu təşkil etməyə cəhd etdilər. Lakin Azərbaycan Ordusu tərəfindən hər iki cəhddə ermənilərin bu diversiya fəaliyyəti zərərsizləşdirildi. Hətta bu zaman bir zabit də daxil olmaqla bir neçə erməni əsgəri məhv edildi.

Xatırladaq ki, cəbhə bölgəsində keçən ilin iyulun sonu-avqustun əvvəllərindən gərginlik müşahidə olunur. Qeyd edək ki, keçən ilin bu yay günlərində erməni diversantları hücuma cəhd etsələr də, həor dəfə çoxsaylı itki verərək geri çəkilməli olurlar. Lakin aldığı bütün ağır zərbələrə baxmayaraq, ermənilərin təxribatı səngimir. Görəsən, niyə? Bu şəraitdə müharibə yenidən alovlana bilərmi?

Politoloq Elman Nəsirov bütün hallarda müharibənin yenidən başlaması versiyasının ağlabatan olmadığı qənaətindədir: "Erməni təxribatlarının səngiməməsi bir neçə səbəbdən qaynaqlanır. Birinci səbəb odur ki, əslində, Ermənistandakı hakimiyyətin atəşkəs rejimini çox intensiv şəkildə pozması, onların qondarma "erməni soyqırımının" ildönümünü həyata keçirməklə bağlı planlarının tərkib hissəsidir. Bilirsiniz ki, Serj Sarkisyanın rəhbərliyi ilə Dövlət Komitəsi yaradılıb. Həmin komitənin də uydurma soyqırımla bağlı tədbirlər planı işlənib hazırlanıb. Bu planın tərkib hissələrindən biri də məhz aprel ayının 24-nə qədər atəşkəs rejimini gerçək çəkildə pozaraq, Azərbaycan tərəfinə itkilər verməkdən ibarətdir. İkinci bir tərəfdən, bilirsiniz ki, Ermənistan xaricdən alınan ianələr hesabına yaşayır. Dünyadakı erməni lobbisi də aprelin 24-ə qədər xüsusi olaraq Azərbaycan tərəfinə daha çox zərbələr endirmək, atəşkəsi daha intensiv şəkildə pozmaq məsələsini dövləti qarşısında vəzifə kimi qoyublar. Buna görə də daha çox ianə vəsaitləri ayırır. Sarkisyan rejimi də aldığı bu vəsaitlərin əvəzi olaraq atəşkəs rejimini daha intensiv şəkildə pozmaqda maraqlıdır. Başqa bir tərəfdən, bilirik ki, iyunun 12-də Azərbaycanda 1-ci Avropa Olimpiya Oyunları keçiriləcək. Bununla bağlı prosesi pozmaq üçün atəşkəsin pozulması da intensiv xarakter almağa başlayıb. Sarkisyan iqtidarı öz hakimiyyətini qoruyub saxlamaq üçün müxtəlif üsullara əl atır. Bu nöqteyi-nəzərdən daxildə baş verən proseslərdən auditoriyanın diqqətini yayındırmaq üçün təmas xəttində vəziyyəti gərginləşdirmək əsas niyyətlərindəndir. Hesab edirəm ki, sadaladığım bu məqamlar indiki halda Ermənistanın atəşkəs rejimini mütəmadi olaraq pozmasının əsas səbəblərindəndir. Belə şəraitdə aprelin 24-nə qədər müharibənin yenidən alovlanması versiyası ağlabatan deyil. Amma may ayından atəşkəs rejiminin daha sərt və intensiv şəkildə pozulması ehtimalları daha böyükdür. Yəni müharibə deyil, atəşkəsin pozulması ehtimalı isə çox böyükdür".

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə bu qənaətdədir ki, bu erməni təxribatları fonunda genişmiqyaslı hərbi əməliyyatlar hər an başlaya bilər: "Erməni təxribatlarının səngiməməsi ilə bağlı birmənalı cavab vermək çətindir. Bəzən deyirlər ki, Sarkisyan daxili gərginliyi aradan qaldırmaq üçün atəşkəsin pozulması hallarına yol verir. O da var. Bilirsiniz ki, Ermənistanda vəziyyət gərgindir. Ona görə də daxili problemlərdən diqqəti yayındırmaq üçün bu addımlara gedirlər. Amma digər tərəfdən də atəşkəsin mütəmadi pozulması onu göstərir ki, ermənilər öz iddialarından geri çəkilmək istəmir. Bu cür təxribatlar törətməklə vəziyyəti daim gərginlik altında saxlamağa çalışırlar. Bununla da öz iddialarından geri çəkilmək istəmədiklərini həm beynəlxalq təşkilatlara, həm də Azərbaycana göstərmək istəyirlər. Belə olan şəraitdə çox ehtimal var ki, genişmiqyaslı hərbi əməliyyatlar başlasın. Azərbaycan tərəfinin də artıq səbri tükənib. Münhen Təhlükəsizlik Konfransında da Azərbaycan Prezidenti açıq şəkildə mesaj verdi ki, torpaqlarımızın işğal altında qalması ilə razılaşmaq fikrimiz yoxdur. Hərbi əməliyyatlar hər an başlaya bilər. Beynəlxalq təşkilatlar ədalətsiz mövqedə dayanırsa, vasitəçilik edən ölkələr erməni tərəfə birbaşa yardım edirsə, Azərbaycanın məsələni həll etmək üçün hərbdən başqa yolu qalmır".