Azərbaycan Ordusunda müqaviləli xidmət genişlənir

13 Fevral 2015 09:14 (UTC+04:00)

Məlumat verildiyi kimi Azərbaycan Nazirlər Kabineti "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nı təsdiq edib. Bu qayda Azərbaycan Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Qaydalara əsasən Azərbaycan Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil ola bilərlər.

Əcnəbilərin müqavilə əsasında Azərbaycan Ordusunda xidmətinin mümkünlüyü haqda hərbçi ekspert Üzeyir Cəfərov qeyd edir : "Azərbaycan vətəndaşları ilə yanaşı, vətəndaşlığı olmayan əcnəbilərin də hərbi xidmətə qəbulu məsələsinə münasibət birmənalı deyil. Problem o ola bilər ki, bəlkə həmin insanların vətəndaşı olduğu başqa ölkələrdə müəyyən öhdəlikləri var. Belə öhdəlikləri varsa, bu insanların Azərbaycan ordusunda xidmət etmələri müəyyən problemə gətirib çıxara bilər. Bu insanlarla bağlı məsələlər hərtərəfli araşdırılmalıdır. Qərar da ancaq bundan sonra qəbul olunmalıdır. Amma bütün hallarda bu addımın atılmasına ehtiyac görmürəm. Ola bilsin Rusiya, Pribaltika vətəndaşlığı olan azərbaycanlılar olsun. Onlar mütəxəssis kimi müəyyən fayda gətirə bilərlər. Bu, başqa məsələdir. Amma bütün bunlarla yanaşı heç kim zəmanət verə bilməz ki, sabah həmin şəxslərlə bağlı hansısa problem yaşanmayacaq. Günün 24 saatı ərzində vətəndaşlığı olmayanların başının üzərində adam qoymaq mümkün deyil. Ona görə də hesab edirəm ki, bu məsələdə bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır".

Millət vəkili Zahid Oruc bu məsələni xüsusi olaraq qabartmağa ehtiyac olmadığını söylədi: "Bu, əslində, yeni qanun deyil. Keçmiş hərbi qanunvericilikdə olan müddəalardır. Düşünürəm ki, bu məsələ tamamilə beynəlxalq praktikaya da uyğundur. Söhbətin hansı xarakterli şəxslərdən getdiyi məlum olmalıdır. Bilavasitə ayrı-ayrı vətəndaşlığı olmayan şəxsləri hərbi xidmətə cəlb etmək demək deyil. Silahlı Qüvvələrdə elə xarakterli ştatlar var ki, orada müəyyən məsləhətçi, yaxud təlim proqramlarında iştirak edən koordinator və s. işlər üzrə orada vətəndaşlığı olmayan insanlar da iştirak edə bilər. Bu mənada əslində, komitə səviyyəsində dəyişiklik etməmişik. Əvvəldən Azərbaycanda mövcud olan hüquqi sənəddə qeyd edilən maddələr vardı. Sadəcə, bir neçə mühüm məsələyə yenidən baxdıq. Bir tərəfdən bu uçot və qeydiyyat məsələlərinin dəqiqləşdirilməsi idi. İkincisi isə hərbi təyinatlı ali təhsil müəssisələrinin siyahısından bir sıra qrumların çıxarılması ilə bağlı idi. Yəni, Ədliyyə və yaxud Milli Təhlükəsizlik nazirlikləri yanında xüsusi akademiyaların yetirmələri hərbi təyinatlı sayılmırlar. Ona görə bu məsələni də çıxardıq. Vətəndaşlığı olmayanların Azərbaycan Ordusunda müqavilə əsasında xidmət etməsi heç də ordumuzun xaricilərin hesabına formalaşdırılması anlamına gəlmir. Bilirəm ki, buna münasibət birmənalı deyil. Heç bir halda söhbət vətəndaşlığı olmayanların, xaricilərin hesabına ordu qurulmasından getmir. Ordumuz Azərbaycan vətəndaşları hesabına formalaşır. Bu praktika dünyada mövcuddur. Vətəndaşlığı olmayanların ordumuzda müqavilə əsasında xidmət etməsi kiçik bir elementdir. Xüsusi olaraq onun əhəmiyyətini qabartmağa da ehtiyac yoxdur. Azərbaycan Ordusu öz oğullarının hesabına formalaşdırılır".