Tələbələr arasında gender disbalansı böyüyür

13 Fevral 2015 09:40 (UTC+04:00)

Azərbaycanda ali təhsil müəssisələrinə daxil olanlar arasında qızların xüsusi çəkisi getdikcə artır. Növbəti dəfə bu məsələyə toxunan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov qeyd edib: "Statistik məlumatlarda da görünür ki, BDU-ya qəbul olanların 70%-i qızlardır. Digər ali məktəblərdə də rəqəmlər təxminən belədir. Bu nisbət magistraturada daha da artır. Oğlanların sayı 20%-ə enir. Nəticədə, ali məktəbdə işə qəbul olunanların əksəriyyəti qızlar olur. Lakin bu da problem yaradır. Bir müddət sonra qızlar ailə qurur, daha sonra analıq məzuniyyəti fasilələri yaranır. Bu da işdəki sistemi pozur. Heç olmazsa, oğlanlar əsgərliyə aparılmasa, oğlan-qız nisbəti arasında bu qədər fərq olmaz. Milli Məclisdə magistraturaya qəbul olunan oğlanlara hərbi xidmətdə möhlət hüququnun verilməsi məsələsi müzakirə edilir".

Məsələ ilə bağlı Xəzər Universtitetinin rektoru, professor Hamlet İsaxanlı qeyd etdi ki, keçmiş zamanlarda belə olmayıb: "İndi isə vəziyyət elədir ki, oğlanlar ali təhsil almadan belə bizneslə məşğul ola bilirlər. Ona görə də oxumağa həvəs olmur. Bəzi hallarda isə hərbi xidmətdən sonra ali təhsil almaq istəmirlər. Ancaq bu gün ailələr çalışırlar ki, qızlar mütləq ali təhsilli olsun. Xüsusi ilə elə ixtisaslar var ki, orada qızlar daha çox üstünlüyə sahib olur". Amma ekspertin fikrincə bu cür vəziyyət təhsil üçün heç bir təhlükə yaratmır: "Oxumaq üçün cinsin fərqi yoxdur. Heç sayın bərabərləşməsi üçün hansısa tədbir görməyə də ehtiyac yoxdur. Düzdür, icbari təhsil orta məktəbdə var. Ondan sonra isə kimisə məcbur etmək olmaz. Bütün işlər valideynin, uşağın istəyindən asılıdır. Bundan başqa, ali təhsil almaq üçün müəyyən qabiliyyət də lazım gəlir".

Təhsil məsələləri üzrə digər ekspert Nadir İsrafilov bildirir ki, bunu ilk növbədə Təhsil Nazirliyinin özü araşdırmalıdır: "Ancaq qəbul edək ki, əsas maaş məsələsidir. Oğlanlar məktəbi bitirən kimi işləməyə can atırlar. Digər tərəfdən, qızlar adətən sadəcə, diplom almaq xatirinə oxuyurlar. Amma oğlanlarda belə deyil. Onlar kariyera qurmaq üçün ali təhsil alırlar. Ancaq bəzən ali təhsil alandan sonra özlərinə karyera qura bilmirlər. Hətta bir çox müəssisələr bakalavr diplomundan başqa magistr təhsili, müəyyən kurslar, təlimlər, treninqlər tələb edirlər. Belə baryerlər isə gələcəkdə özünə karyera qurmaq istəyən oğlanları qorxudur. Ona görə də ali məktəbə qəbul olmaqdansa, əvvəlcədən işləməyi vacib tuturlar. Nəticədə də ali məktəblərdə qızların sayı artmış olur. Odur ki, bu məsələ problem olarq mətbuatda geniş ictimailəşməlidir. Hətta bunun TQDK-nın özü də təsdiqlədi ki, bu gün oxuyub-yazmağı bacarmayan şagirdlər var. Burada problem odur ki, kişi müəllim ilə qadın müəllimin verdiyi təhsilin səviyyəsi fərqlənir. Kişilərdə olan zəhm, tələbkarlıq bəzən qadılarnda çatışmır. Təhsilin keyfiyyətinin aşağı düşməsinin səbəblərindən biri də elə odur ki, məktəblərdə kişi müəllimlərin sayı azdır. Odur ki, bu məsələnin üzərinə ciddi gedilməlidir. Əvvəllər təhsil müəssisələrində kişilər böyük üstünlüyə sahib idilər. Amma bu gün prosesin əksi gedir. Hazırda orta məktəblərdə kişi müəllimlərin sayı ümumi sayın 5%-ni təşkil edir".