Sami Yusuf Bakıya gəlir

13 Fevral 2015 16:30 (UTC+04:00)

Dünyaca məşhur Azərbaycan əsilli müğənni Sami Yusuf teziliklə Bakıya gələcək.

Movqe.az-ın məlumatına görə, müğənni martın 14-15-də Heydər Əliyev Sarayında azərbaycanlı tamaşaçılarını konsert proqramı ilə sevindirəcək. Sami Yusif iki saat ərzində öz orkestri ilə çıxış edəcək. Yalnız canlı ifalarını səsləndirəcək Sami Yusif ötən il işıq üzü görən "The Centre" adlı albomunda yer alan musiqiləri də ifa edəcək.

İfaçı bir gün öncə, yəni martın 13-də Bakıda olacaq. Onun yerli mətbuatla görüşü də gözlənilir.

Konsetin təşkilatçısı olan Kənan Bayramovun sözlərinə görə, Sami Yusifin bu proqramının adı "Sarı gəlin"dir: "Bütün dünyanın "Sarı gəlin"dən bir daha xəbəri olmalıdır. Həm də müğənninin sonuncu albomu olan "The Centre" Azərbaycan üçün də özəl albom sayıla bilər. Albomda o, Azərbaycan xalq mahnısı olan "Sarı Gəlin"i həm azərbaycanca, həm də ingiliscə səsləndirib. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub".

Müğənni bu günədək Azərbaycan musiqilərindən "Ayrılıq", "Küçələrə su səpmişəm", "Sənə də qalmaz"ı konsertlərində səsləndirib, hətta sayca dördüncü albomu olan "Salam" albomuna "Küçələrə su səpmişəm" mahnısını da əlavə edib.

Qeyd edək ki, Sami Yusuf əslən azərbaycanlıdır. 1980-ci ildə İranın paytaxtı Tehranda, azərbaycanlı ailəsində dünyaya gəlib. Üç yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb.