Kibercinayətkarlıq təhdidi böyüyür

14 Fevral 2015 10:01 (UTC+04:00)

Təxmini rəqəmlərə görə, bu gün dünyada 2,5 milyard nəfər internet istifadəçisi var. Yaxın dörd ildə onların sırasına daha yarım milyard insanın qoşulacağı ehtimal edilir. Mütəxəssislər bu artımın qarşılığında kibercinayətkarların daha da fəallaşacağını deyirlər. Son araşdırmalar zamanı məlum olub ki, Avropa internet istifadəçilərinin 12 faizi sosial şəbəkə və ya elektron poçtlarının sındırılması, 7 faizi isə internetdə kredit kartlarından və ya bank hesablarından pul vəsaitlərinin oğurlanmasının qurbanıdır. Aydındır ki, oxşar təhlükə və hücumlardan Azərbaycan da sığortalanmayıb və zaman-zaman bu kimi hallar baş verməkdədir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Mövqe"yə açıqlamasında bildirdi ki, Azərbaycanın real dünyasında hansı təhlükələr varsa, virtual aləmi üçün də həmin təhlükələr mövcuddur: "Ona görə də Azərbaycan real aləmdə özünün təhlükəsizlik məsələlərinə necə diqqət yetirirsə, virtual aləmdə də həmin diqqətdə olmalıdır. Artıq dünya təcrübəsi göstərir ki, real dünyada baş verən müharibələrdən öncə və sonra da informasiya müharibələri, kiberhücumlar ciddi rol oynayır. Bu baxımdan Azərbaycanın özünün kibertəhlükəsizlik sisteminin gücləndirməsinə diqqəti artırması düzgün olardı. Son dövrlər Azərbaycanda bu istiqamətdə bir sıra addımlar atılıb. Həm dövlət, həm də qeyri-dövlət sektorunda müvafiq qurumlar yaradılıb. Yəni, Elektron Təhlükəsizlik Mərkəzi və Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyət göstərir. Bu qurumlar tərəfindən həm dövlət, həm də qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması istiqmətində addımlar atılır. Amma monitorinqlər göstərir ki, Azərbaycan inkişaf etdikcə, ölkəmizə kənardan maraqlar da artır. Təəssüf ki, bu maraqların da bir qismi bizi sevməyənlərin payına düşür. Həmin qüvvələrin maraqları bizim əleyhimizə yönəlir. Eyni zamanda dünya artıq elə bir inkişaf həddinə çatıb ki, əvvəllər hücumlar hansısa haker səviyyəsində olurdusa, indi ayrı-ayrı dövlətlər özlərinə haker qruplar yaradıblar. Bunlar da başqa ölkələrin əleyhinə istifadə olunur. Ona görə də bayaq adını çəkdiyimiz qurumlar, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində kibertəhlükəsizlik sisteminin güclənməsi istiqamətində addımlarnı daha da gücləndirməlidir. Təhlükələrdən maksimum yayınmaq üçün həm kadrların hazırlığı, həm infrastruktur cəhətdən, həm xüsusi lobaratoriyaların yaradılması üçün maliyyə təminatı gücləndirilməlidir. Onsuz da müdafiə sektoruna ayrılan maliyyənin bir qismi məhz kibertəhlükəsizlik məsələsinə yönəldilir. Bu gün bizə ən çox kiberhücumlar Ermənistan tərəfindən həyata keçirilir. Ancaq bütün hallarda internet üzərində olan hücumlar monitorinq tələb edən məsələdir. Yəni, kimsə Ermənistanda oturub başqa ərazidən hücumu təşkil edə bilər. Bunu ciddi monitorinqin nəticəsində demək olur".

Ekspert əlavə etdi ki, bizim informasiya təhlükəsizliyimizin qorunması ilə bağlı müyyən addımlar atılır: "Müsbət istiqamətdə də irəliləyişlər var. Amma son zamanlar dünyada, ətrafımızda baş verənlər, həm də qoşunların təmas xəttindəki gərginlikdən sonra bizim informasiya resursları ilə bağlı müəyyən problemlər olduğu da üzə çıxdı. Bütün bunlar onu deməyə əsas verir ki, hələlik görüləcək işlər daha çoxdur".

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin sektor müdiri Rəşad Əliyev isə "Mövqe"yə bildirdi ki, Mərkəz əksər zamanlarda gücləndirilmiş iş rejiminə keçir: "Məhz son günlər cəbhədə baş verən hadisələrdən sonra da hücumlar olur. Bununla əlaqədar olaraq biz nəzarəti gücləndirmişik ki, bu sahədə hansısa problem yaşananda, yerindəcə həll edək".

Rəşad Əliyev qeyd etdi ki, Azərbaycan saytlarına müxtəlif ölkələrdən kiberhücumlar olur: "Onların içində Ermənistandan edilən kiberhücumlar üstünlük təşkil edir. Ancaq biz gücümüz çatan qədər hücumların qarşısını almağa çalışırıq. Müəyyən müsbət nəticələr əldə olunur. ETM mümkün qədər bütün yerli saytların təhlükəsizliyi ilə bağlı xəbərdarlıqlar edir və bu istiqamətdə maarifləndirmə işi aparır. Mərkəzi bir neçə beynəlxalq qurumun üzvüdür. Əgər hücumlar xarici İP-lərdən gələrsə, həmin ölkənin cavabdeh qurumu ilə əlaqə saxlayıb, onlara məlumat veririk ki, problemi həll etsinlər. Lakin Ermənistan hücumu sifariş əsasında həyata keçirir. Belə olduqda biz sifariş verilən ölkələrə hücumların qarşısını almaq üçün müraciət edirik".