TQDK ərizə qəbuluna başladı
16 Fevral 2015 09:55 (UTC+04:00)
Movqe.az-ın xəbərinə görə, bu gündən rezidentura
imtahanaları üçün sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasından verilən məlumata görə, namizədlərin ərizələrinin
qəbulu fevralın 16-dan 23-dək internet vasitəsilə aparılacaq.
Namizəd şəxsiyyət vəsiqəsinin seriyasından, nömrəsindən, PİN
kodundan və "TQDK-nın virtual ödəmə kartı"nda göstərilən iş nömrəsi
və şifrədən istifadə etməklə TQDK-nın müvafiq internet səhifəsinə
(eservices.tqdk.gov.az/erizerez/erize) daxil olub "Namizədin
elektron ərizəsi" formasını doldurur.
Virtual ödəmə kartını internet ödəmə və ya bütün
mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək
olar.
Namizəd ərizəni doldurduqdan sonra tələb olunan
sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib,
"Namizədin elektron ərizəsi" formasını təsdiqlətdirir. Milli
Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən
"Elektron imza" sertifikatını əldə etmiş namizədlər həmin
sertifikatlardan istifadə etməklə "Namizədin elektron ərizəsi"
formasını SQK-ya müraciət etmədən özləri təsdiq edə
bilərlər.
Namizədlər "Namizədin elektron ərizəsi" formasını
Azərbaycan Tibb Universitetində və TQDK-nın Naxçıvan, Gəncə, Şəki,
Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələrində
yaradılmış SQK-da təsdiq etdirirlər.
Namizədlər ərizələrini təsdiqlətmək üçün fevralın
16-dan 23-dək (şənbə və bazar günləri istisna olmaqla) saat
9:00-dan 17:00-dək SQK-ya tələb olunan sənədlərin əslini şəxsən
təqdim etməlidirlər.
Bakı və Naxçıvan şəhərlərində keçiriləcək qəbul
imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə
baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq namizədin qəbul
proqramı əsasında baza fənləri, ikinci mərhələdə isə onun ixtisas
fənləri üzrə bilikləri yoxlanılır. İmtahanın birinci mərhələsi
martın 15-də, ikinci mərhələsi iyulun 7-də keçiriləcək. İkinci
mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az
olmayan namizədlər buraxılırlar.