Hava xəbərdarlığı

16 Fevral 2015 14:10 (UTC+04:00)

Sabahdan ölkə ərazisində havanın temperaturu 12 dərəcə aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  Movqe.az-a verilən məlumata görə, havanın pisləşəcəyi ilə bağlı yeni dəqiqləşdirilmiş məlumat yayılıb.  Bakıda və Abşeron yarımadasında fevralın 17-i axşam, fevralın 18-i axşam və səhər şimal-qərb küləyi arabir güclənəcək. Fevralın 18-19-da dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Bakıda və Abşeron yarımadasında və rayonlarda temperaturun enməsi fevralın 18 və 19-da da müşahidə ediləcək. Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 5-10, rayonlarda 7-12 dərəcə enəcək. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşam küləyin sürətinin arabir artacağı gözlənilir.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti, axşam 3 dərəcəyə kimi isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 17-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.