Tıxac yaradan dayanacaqlar

17 Fevral 2015 08:00 (UTC+04:00)

Qanunvericiliyə görə, nəqliyyat vasitələrinin yol, prospekt və küçələrdən dayanacaq kimi istifadə etməsi qadağandır. Lakin bu qaydaya heç də hamının riayət etdiyini söyləmək də mümkün deyil. Bəzi obyekt sahibləri üçün deyəsən, bu qadağar keçərli deyil. Elə paytaxt küçələrində tıxacların yaranma səbəblərindən biri də avtomobillərin harda gəldi park edilməsidir. Çox vaxt yol kənarındakı iaşə obyektləri, otel və restoranların qarşısından özəl dayanacaq kimi istifadə olunur.

Ərazi xüsusi maneələrlə bağlanır, nəticədə yolun bir hissəsi zəbt olunur. Ümumi istifadədə olan yolun bir hissəsinin tutulması ilk növbədə uzun tıxacların yaranmasına, yolun yüklənməsinə səbəb olur. Buna görə cərimlər tətbiq olunsa da, problemin tam həllini söylmək də mümkün deyil.

Görəsən, buna səbəb nədir və onun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Ekspert Azər Allahverənov bu sahədəki problemin həlli üçün müvafiq qurumların həyata keçirdikləri reydlərin sayının artırılmasını təklif etdi: "Azərbaycanın müvafiq icra qurumları, istər yol polis əməkdaşları, istərsə Nəqliyyat Nazirliyinin müvafiq idarələri maşınların qadağan edilən ərazilərdə saxlanılması hallarına qarşı konkret tədbirlər həyata keçirirlər. Baxmayaraq ki, bu formada yol hərəkətini pozan sürücülərə qarşı vaxtaşırı istər reydlər təşkil olunur, istər cərimələrin miqyası artır, daha ağır sanksiyalar tətbiq olunur, amma maşınları harda gəldi saxlamaları, sərnişin düşürmələri kimi hallar təəssüf ki, yenə də Bakı küçələrində müşahidə olunmaqdadır. Bu tendensiya heç də azalmır. Belə bir vəziyyətdə fikrimcə, icra qurumları tərəfindən keçirilən reydlərin miqyasını artırmaq lazımdır. Bu reydlər intensiv olmalıdır. Bu məsələ ilə bağlı ildə bir dəfə deyil, bir neçə dəfə reydlər təşkil olunmalıdır. Burada habelə maarifçilik işini də gücləndirmək lazımdır. Həmçinin, həmin sahəyə cavabdeh olan qurumların məsuliyyəti artırılmalı, səlahiyyətləri genişləndirilməlidir. Bu məsələyə geniş şəkildə ictimaiyyəti də cəlb etmək lazımdır. Səkinin üzərində nəqliyyat vasitəsi durursa, bu bilavasitə piyadaların normal hərəkətinə maneəçilik yaradılması deməkdir. Belə hərəkət edən sürücülərə qarşı cəza mexanizmi tətbiq olunmalıdır. Bu ölkənin İnzibati Xətalar Məcəlləsində konkret müddəada öz əksini tapıb. Amma piyadaların hərəkətinə əngəl olan sürücülərlə bağlı cəza tədbirlərinin tətbiq edildiyini demək olar ki, eşitməmişəm. Bu gün sürücülər təkcə maşın yolunda deyil, piyada zolağının üstündə, səkinin üzərində də saxlayır. Hətta yolun dönmə hissəsində də saxlamaqda davam edirlər. Bu da bilavasitə qanunla çox sərt şəkildə cəzalandırılan bir məsələdir. Sürücülərdə belə bir yanaşma var ki, qanunu pozmaqla ancaq bir və ya iki dəfə cərimələnəcək, yerdə qalan vaxtı isə o yenə də istədiyini edəcək. Düşünürəm ki, cəza mexanizmində il ərzində bir neçə dəfə pozma hadisəsinin baş verdiyi müddəalarla bağlı məqamlara nəzər salmaq lazımdır. İl ərzində bir neçə dəfə qayda pozulursa, hər dəfə onu tətbiq edilən cərimə də artmalıdır. Müddəalar üzrə bizdə bu cərimə sanksiyalarını artırma elementləri var. Amma sadaladığımız elementdə bu yanaşma yoxdur. Bunu nəzərdən keçirmək lazımdır. Ola bilsin, sadaladığım bu məsələlər öz həllini tapsa, nəqliyyatın harda gəldi saxlanılması istiqamətində müəyyən nəticələr əldə etmək olar".

Dövlət Yol Polis İdarəsinin mətbuat xidməti rəhbəri Kamran Əliyev isə problemin kökündə sürücülərin mədəni səviyyəsinin aşağı olmasının dayandığını dedi: "Bəzi sürücülərdə mədəniyyət və düşüncə səviyyəsi olduqca aşağıdır. İnsan var ki, ona eyni yerdə 3-4 dəfə xəbərdarlıq edilib, cərimə də yazılıb, amma yenə təkrarən eyni qayda pozuntularına, hərəkətlərə yol verir. Onlara qarşı qanunvericilikdə nə tələb olunur, həmin addımlar atılır. Qanunvericiliyin tələbindən kənara çıxmaq olmaz. Belə sürücülər gün ərzində 5 dəfə qayda pozsa da, eyni cərimə məbləği, 100 dəfə pozsa da, eyni cərimə məbləği ödəyir. Bu hallarda digər məsuliyyət qanunvericilikdə nəzərdə tutulmayıb. Ola bilsin ki, təkrarən eyni xətanın törədilməsinə görə, cəzanın sərtləşməsi bu növ qayda pozuntularının qarşısının alınmasına müsbət təsir edə bilər. Lakin mövcud qanunvericilikdə hələlik belə bir müddəa nəzərdə tutulmayıb".