Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitə sədrinin birinci müavini Vladimir Nikitin bu günlərdə açıqlamasında maraqlı bir fikir səsləndirib. Belə ki, o Moskvanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini artırdığını deyib: "Mən bilirəm ki, Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin hazırda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilmələri üçün bir sıra məsələlər üzərində işləyirlər. Dalıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Ümid edirəm ki, tərəflər münaqişənin həlli yolunu tapacaqlar".
Rusiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin olduğunu deyən Nikitin növbəti illərdə Azərbaycan və Rusiyanın bir-birlərinə daha da yaxın ölkələr olacağını da qeyd edib.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin çözümündə Rusiyanın imkanları böyükdür. Moskva onldan asılı olan Ermənistana təsir etməklə münaqişənin ədalətli həllinə nail ola bilər.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev məsələ ilə bağlı qeyd edir: "Bu məsələyə münasibətdə həmişə eyni fikirdə olmuşam ki, münaqişənin həllində Rusiyanın rolu, imkanları hamıdan çoxdur. Bunun səbəbi də aydındır. Bu gün Ermənistana ən effektli təsir göstərə bilən dövlət varsa, o da Rusiyadır. Sadəlövh olmaq lazım deyil. Ermənistan Rusiya üçün çox vacibdir. Orada Moskvanın güclü hərbi bazası var. Həm də bu baza gündən-gücə gücləndirilir. Həmin bazanın orada yerləşməsi də təkcə Ermənistanla bağlı olan məsələ deyil. Bu, böyük geopolitik qarşıdurmanın təzahürlərindən biridir. Ermənistanın Rusiya üçün bütövlükdə heç bir əhəmiyyəti yoxdur. Təkcə baza məsələsi istisna olmaqla. Rusiya həm də çalışır ki, Ermənistanı öz orbitindən buraxmasın. Bu, baş verərsə, həmin bazanın da Ermənistan üçün elə bir əhəmiyyəti olmayacaq. Rusiya heç zaman nəyin bahasına olursa-olsun buna yol verməyəcək. Bəzilərinin xoşuna gəlməsə də, Azərbaycanın Rusiya ilə münasibətdə seçdiyi siyasət ən doğru siyasətdir. İndiki vəziyyətdə daha doğru addımdır. Bu siyasət ölkə daxilində, xaricdə kimin xoşuna gəlmirsə, nahaq yerə. Həyata keçirilən bu siyasət real vəziyyətə uyğun ən dolğun siyasətdir. Bu gün Rusiyada kimsə etiraf edirsə ki, Moskvanın münaqişənin həllində imkanları böyükdür, bu, artıq ictimai rəy, Rusiyadakı siyasi dairələrdəki atmosfer üçündür. Bizdə də bunu izləyirlər. Digər bir tərəfdən Ermənistan hakimiyyəti üçün də belə informasiyalar siqnal kimi səslənir. Əsasən də indiki şəraitdə Ermənistanda hakimiyyətdə olan klan özünü tamamilə siyasi və bütün digər parametrlər üzrə müflisləşdiyini görür. Bu hakimiyyət iflasa uğrayıb, Sarkisyan iqtidarı ermənilərə də lazım deyil. Getdikcə də bu məsələ dərinləşəcək. Hadisələrin məntiqi bunu göstərir. Belə bir şəraitdə Rusiyanın münasibətindən çox şey asılıdır. Rusiya əleyhinə heç bir iş görməyən istənilən hakimiyyət ona lazımdır. Ermənilər də hərbi, siyasi, iqtisadi, maliyyə, ümumiyyətlə, bütün parametrlərə görə Rusiyadan asılıdır. Ermənistanda faktiki olaraq, dövlət mövcud deyil. Yeni müstəqil dövlətlər arasında, ən çox müflis olan, iflasa uğramış bir ölkədir. Ermənistan tamamilə xarici faktordan asılıdır. Buna heç kəsin şübhəsi olmasın. Azərbaycan isə milli mənafeyimizə uyğun olaraq Rusiya ilə siyasətdə ən ağıllı siyasət aparır. İstədiyimiz ədalətli istiqamətdə Rusiyanın hər hansı bir ciddi addıma getməsi məsələsi çox ciddi məsələdir. Rusiya bunu istəyəcəkmi? Onun geopolitik maraqları var. Hazırda böyük geopolitik qarşıdurma gedir. Burada söhbət təkcə Ukraynadan getmir. Bu böyük bir qarşıdurmadır. Hansı ki, uzun illərdir Qərblə Rusiya arasında qarşıdurmanın ilkin şərtləri özünü bu cür partlayışla göstərdi. Bu cür informasiyaların ictimai rəydə düzgün başa düşülməsi üçün adekvat da şərh olunmalıdır".
Millət vəkili
Elman Məmmədov bildirdi ki, Rusiya həll prosesində ciddi addım
atarsa, Azərbaycanın timsalında özünə çox etibarlı dost qazanacaq:
"Vladimir Nikitinin səsləndirdiyi fikir çox maraqlıdır. Burada
diqqət çəkən məqam odur ki, həmin fikri səsləndirən şəxs bu
məsələlərə bələd olan Rusiya dövlət rəsmilərindən biridir. Dağlıq
Qarabağ probleminin yaranma tarixi Dağlıq Qarabağ Muxtar
Vilayətinin 1923-cü ildə yaradılması ilə başlanıldı. Bu, heç bir
hüquqi əsas olmadan yaradılan və ermənilərin gələcək məqsədlərini
həyata keçirmək üçün o zamanlar bir bomba kimi qoyulmuş bünövrə idi
ki, XX əsrin sonunda da nəticəsini göstərdi. O dövrdə bu problemin
bünövrəsinin qoyulması və sonradan ermənilərin arzusunun
reallaşmasında şimal qonşumuzun xüsusi rolu olub. Problemin
yaranmasında Rusiyanın "xidmətləri" danılmazdır. Bunu Rusiya istəsə
də, inkar edə bilməz. Çünki, faktlar göz önündədir. Ondan qaçmaq
olmaz. Bu, bir danılmaz həqiqətdir ki, problemin həlli, açarı
Rusiyanın əlindədir. Həmsədrlərdən ABŞ, Fransa, BMT, ATƏT, Avropa
Şurası kimi beynəlxalq qurumlar nə qədər ciddi-cəhd göstərsələr də,
konfliktin həllinin açarı Moskvadadır. Moskva
nə vaxt istəsə, onda da bu problemin
həllinə nail olacaq. Problemin ədalətli həllində bir
maraqlı tərəf
var, o da Azərbaycandır.
Ermənistan problemin ədalətli həllində
maraqlı deyil. Ermənistan işğalçıdır, təcavüzkardır
və o problemin ədalətlə həll
olunmasına hər
cür maneə olur. Burada Rusiya faktoru danılmazdır. Çünki, Ermənistan özü
Rusiyanın bir quberniyasıdır, dayaq
nöqtəsidir. Onun
iqtisadiyyatının 70-80 faizi Rusiyaya
məxsusdur. Ermənistanı qoruyub saxlayan, Rusiyanın bu ölkədə yerləşdirdiyi, ən müasir silahlarla təchiz olunan
ordusudur. Ermənistanın
təhlükəsizliyinə zamin duran da
Rusiyadır. Bu gün iqtisadiyyatı
darmadağın olan, heç bir imkanı olmayan, əsgərin gülləsini, silahını,
yeməyini Rusiya verən ölkə təbii ki,
konfliktin həllində də müstəqil siyasət yeridə bilməz.
Bu gün bütün dünya Rusiyanın üzərinə düşərək, ona sanksiyalar tətbiq edir. Ancaq Azərbaycan buna baxmayaraq, öz dostluq və əməkdaşlığını hər zaman olduğu kimi, bu günlərdə də Rusiyaya münasibətdə nümayiş etdirib. Azərbaycan mərdlik, kişilik nümunəsi göstərir. Biz Rusiyadan da belə bir jest gözləyirik. Fikrimcə, Rusiya bu addımı atsa, səhv etməz. Özünə çox etibarlı bir tərəfdaş qazanmış olar. Bunun baş verməsi əlbəttə ki, hamımızı sevindirər. Ancaq nə bilmək olar, kim nə siyasət yürüdür".