Bakı metrosunda həyəcan
17 Fevral 2015 10:10 (UTC+04:00)
Bu gün səhər saat 08 radələrində Bakı
Metropolitenində nasazlıq baş verib. ANS PRESS-in məlumatına görə, hadisə metronun "Elmlər
Akademiyası" stansiyasında qeydə alınıb. Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış
istiqamətində işləyən eskalatoru dayanıb. Nəticədə eskalatorla
yuxarı qalxan sərnişinlər təşviş keçirib. Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb.
Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla
qalxmalı olublar. "Elmlər Akademiyası"
stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən
dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı
tövsiyyə edib. "Hörmətli sərnişinlər,
ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla
bilərsiniz", - deyə növbətçi bildirib.Eskalator bir neçə dəfə geriyə və irəli işləyib. Sonra isə
yenidən işə düşüb. Hadisə ilə bağlı
Bakı metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin
rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə
sərnişinlərdən birinin məsuliyyətsizliyi ucbatından baş
verib. "Hadisə saat 08:40-da baş
verib. Sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili
dayandırma düyməsini basıb. Təcili hadisə yerinə mütəxəssislər və
polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun
heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat
08:44-də təkrar işə salınıb", - deyə Nəsimi Paşayev
bildirib.
Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin
sərnişinlər narahatlıq keçirib. Bu səbəbdən belə hadisələrin baş
verməməsi üçün Nəsimi Paşayev vətəndaşlara müraciət
edib:
"Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk
etsin. Biz eskalatoru dayanan kimi işə sala bilmərik. Onun hansı
səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu vaxt aparır. Buna qədər
sərnişinlər əziyyət çəkir. Ona görə də, xahiş olunur ki,
metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə
diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət
çəkməsinə səbəb ola bilər".