"ASAN ödəniş" terminalları istifadəyə verildi

17 Fevral 2015 09:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 və 3 saylı Bakı "ASAN xidmət" mərkəzlərində "ASAN ödəniş" sistemi çərçivəsində terminallar vətəndaşların istifadəsinə verilib. Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, "ASAN ödəniş" sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər. İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. "ASAN ödəniş" terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir.

"ASAN ödəniş" sistemi "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılıb.