Ermənistan regionda yenə sülhə təhdid yaradır

18 Fevral 2015 08:00 (UTC+04:00)

Türkiyə XİN: "Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılmasında səmimiyyət nümayiş etdirməyib"

Ermənistanın regionda aqressiv siyasət yürütməsi, qonşu ölkələrə olan ərazi iddiaları bu ölkənin düşdüyü acınacaqıl vəziyyətə rəğmən davam edir. Belə bir vaxtda diqqət çəkən məqamlardan biri də Ermənistan prezidenti Serj Sarkisyan parlamentdən erməni-türk protokollarını geri çağırması oldu. Sarkisyan Ermənistan parlamentinin sədri Qalust Saakyana müvafiq məktubla müraciət edib.

Bununla əslində, Ermənistan təcavüzkar siyasətindən əl çəkərək Türkiyə ilə sərhədləri açmaqda maraqlı olmadığıın göstərir. Çünki Türkiyənin əsas şərti Azərbaycan ərazilərinin işğalına son qoyulması şəraində Ermənistanla sərhədlərin açılmasıdır. Ermənistan isə hələlik buna getmək istəmir.

Türkiyənin "Hürriyyet" qəzeti isə ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb ki, Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılmasında səmimiyyət nümayiş etdirməyib. Mənbə həmçinin Serj Sarkisyanın Türkiyə ilə əlaqələrin normallaşdırılması haqqında Ermənistan-Türkiyə protokollarını geri çağırmasını qınayıb: "Bu, səhv və uğursuz addımdır". Türkiyənin 10 oktyabr 2009-cu ildə imzalanan "Sürix protokolları" ilə bağlı mövqeyi birmənalıdır. Ankara protokolların Türkiyə Böyük Millət Məclisində təsdiq olunması üçün işğal altında olan Azərbaycan torpaqların azad edilməsini şərt olaraq irəli sürür. Rəsmi Ankara edib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll olmadan protokolları təsdiqləməyəcək. İndii maraq doğuran odur ki, Sarkisyanın protokolları parlamentdən geri çağırması Ankara-İrəvan münasibətlərində hansı dəyişikliklərə gətirib çıxaracaq? Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin sədr müavini Vladimir Cabbarov Serj Sarkisyanın bu demarşının Ankara və İrəvan arasında münasibətlərdə nəyisə dəyişməyəcəyini bildirib: "Bu, münasibətlərin pisləşməsi deyil. Ölkələr arasında münasibətlərin pisləşməsi üçün heç bir ilkin şərt yoxdur. Bu, vəziyyətin aydınlaşdırılmasıdır".

Ekspertlər xatırladır ki, Ermənistanın Konstitusiya Məhkəməsi protokollara 5-6 dəyişiklik edib və protokolların yalnız bu formada Ermənistan parlamentində qəbul edilə biləcəyini bildirib: "Yəni, Ermənistan parlamentindən geri çağırılan protokolların hazırkı məzmunu protokolların ilkin variantına ümumiyyətlə uyğun deyil. Sarkisyanın qərarı Ermənistan tərəfindən siyasi demarşdır və göstərmək istəyir ki, Türkiyə ilə münasibətlərə yenidən baxmaq lazım olacaq. Erməni tərəfi həmişəki kimi münasibətlərin hər hansı ilkin şərtlər olmadan qurulmasını istəyir. İki ölkə arasında kifayət qədər ciddi problemlər var. Birincisi, Ermənistan indiyə qədər Türkiyənin ərazi bütövlüyünü tanımır. Bu çox ciddi məsələdir. Yəni, mən indiyə kimi ən azı bir yüksək vəzifəli erməni məmurunun dilindən eşitməmişəm ki, onlar Qars və Moskva müqavilələrini tanıyırlar. İkincisi, ermənilər 1915-ci il hadisələrini Türkiyə qarşısında "soyqırım" olaraq qoymağa çalışırlar. Bu, həmçinin qeyri-ciddi addımdır. Əgər biz Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasını istəyiriksə, o halda Ermənistan da dostluq əlini uzatmalıdır. Ermənistan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı üçün dürüst danışıqlara getməyə məcburdur".

Ekspert qeyd edir ki, o, protokolların imzalandığı ilk gündən Ermənistanın onu qəbul etməməsi üçün hər şeyi edəcəyinə əmin olub: "Ona görə də deyə bilmərəm ki, Sarkisyanın bu addımı sensasiyadır. Düşünürəm ki, Türkiyə də buna təəccüblənməyəcək. Türkiyə tərəfi diplomatik münasibətlərin qurulması üçün maksimum çalışır. Türkiyənin tələbləri aydındır, amma Ermənistanın nə istədiyi tamamilə aydın deyil. Qonşu dövlətlərin ərazilərinə iddia etmək və sonra "mənimlə sülh bağlayın, məni normal ölkə kimi qəbul edin" demək çox qeyri-ciddi səslənir. Ermənistan bu şəkildə necə ciddi dövlətə çevrilə bilər?"

MDB ölkələri İnstitutunun erməni filialının direktoru Aleksandr Markarovun fikrincə, protokolların parlamentdən geri çağırılması 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı keçirilən siyasi tədbirlərin bir hissəsidir. Politoloq "publika" portalının məlumatına görə, qeyd edir ki, erməni məsələsi ilə bağlı Türkiyənin xarici siyasətində dəyişikliklərinin olacağını güman etmir. Aleksandr Markarov regionun əvvəlki kimi sərhədlərin açılmasına kəskin ehtiyacın olduğunu dilə gətirib:

"Ermənistan bu problemin həlli üçün digər infrastruktur resurslarını və nəqliyyat dəhlizlərini araşdırır. Ancaq daha bir nəqliyyat dəhlizinin mövcudluğu, yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistanın iqtisadiyyatına müsbət təsir edə bilər".

Türkiyə baş nazirinin erməni əsilli müşaviri Etyen Mahçupyan isə bildirib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması prosesi Ermənistan-Azərbaycan danışıqları ilə paralel aparılmalıdır. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tez bir zamanda bərpa edilməsi qeyri-mümkündür, bunun ən başlıca səbəbi isə Dağlıq Qarabağ probleminin olmasıdır.