Mənzil satışının daha bir asan yolu təklif olundu

18 Fevral 2015 08:15 (UTC+04:00)

Ölkənin mənzil bazarında son aylarda müşahidə olunan durğunluq davam etməkdədir. Hazırda mənzil-alqı satqısı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Halbuki, mənzilə olan tələbat hələ də artan xətt üzrə inkişaf etməkdədir. Əmlak bazarındakı tələb-təklif nöqtəsinin uyğunlaşmadığı müşahidə olunur. Çoxlu sayda mənzil satışı ilə məşğul olan şirkətlərin əllərində olan əmlakı sata bilməmələrindən şikayət etmələri hallarına indi daha çox rast gəlinir. Vəziyyətdən çıxış yolu kimi müxtəlfi təkliflər səslənir. Məsələn, belə fikirlər səslənir ki, hökumət ipoteka kreditləşməsinin həcmini artırmalıdır. Eyni zamanda mövcud ipoteka şərtlərində dəyişiklik edilməli, ilk növbədə faiz dərəcələri aşağı salınmalıdır. Bu şəraitdə mənzil alanların sayının artması qaçılmaz olacaq və belə vəziyyət öz növbəsində daşınmaz əmlak bazarında aktivliyi yüksəldəcək. Bununla yanaşı, daha çox insanın mənzil sahibi olmasını təmin edə biləcək başqa maraqlı təkliflərə də rast gəlinir. Məsələn, ekspert Əhməd Səlimov "Marja"ya açıqlamasında bu xüsusda maraqlı təkliflər səsləndirib. Əhməd Səlimov təklifində qeyd edir ki, ilk növbədə dövlət müdaxilə edərək "Varlıdan al kasıba ver" siyasətini yeritməklə paradoks yaratmalıdır: "Yəni nə etməli: bütün evlərin qiymətini yüksəldilərək, bank və birja vasitəsilə güclü daşınmaz əmlak bazarı yaradılaraq evlərin sənədlərinin bazarda satışa çıxardılması və varlıların, şirkətlərin bu qiymətli kağızlara evin qiyməti qədər depozit qoyaraq aylıq faiz gəlir əldə etməsi və həmin evlərin az maaşlı sakinlərə aylıq az məbləğlər (200-250 manat) ödəniş edilməsi yolu ilə satılması reallaşdırıla bilər. Varlının mənzilin yüksəldilməsindən əldə elədiyi məbləğ onun qoyduğu depozitin illər sonra inflyasiya nəticəsində dəyər itirməsinə uyğun gəlməlidir. Porosesin işləm mexanizmini belə izah etmək olar. Məsələn, hazırda 80 min manata satılan bir evin qiymətini bank yüksəldərək 90 min manat edir. Bu addımda məqsəd pulu verən imkanlı şəxsin hesabına 10 min 0 manat faiz gətirən depoziti qoymaqdır. Həmin varlı şəxs 80 minmanat ödəyərək bunun müqabilində birjadan qiymətli kağızı, yəni evin sənədlərini alır. Bank isə evi aşağı gəlirli şəxsə satır. Aşağı gəlirli şəxs 90 min manat ilə razılaşaraq evi alır və aylıq deyək ki, 250 manat ödəniş edir. Beləliklə, iki tərəfin də qazanclı çıxdığı bir vəziyyət yaranır. İmkanlı şəxs 80 min manat ödəyib aldığı qiymətli kağızın aylıq gəliri, bankadakı öz hesabına köçürülən 10 min manat depozit və bunun faiz gəliri, hər ay az imkanlı şəxsin ödədiyi 250 manat və bunların yığılmasından yaranan faiz gəlirlərini əldə edir. Evi alan az imkanlı şəxs isə ilkin ödəniş, faiz ödəmədən sadəcə ayda 250 manat ödəyərək ev sahibi olur. Beləliklə, dövlət mənzil bazarındakı paradokslu müdaxilədən qazanc əldə edir: əhali mənzillə təmin edilir və mənzil satan şirkətlər əllərində qalan evləri sataraq bazarda öz işlərini daha da genişləndirir. Bu da qeyri-neft sektorunda atılan uğurlu bir addım sayıla bilər. Bundan başqa, bank və birjalarda maliyyə bazarı güclənərək dövriyyəyə yüksək təsir göstərir, insanlarda maliyyə bazarına qarşı maraq oyanır.

Əhməd Səlimov qeyd edib ki, bankın mənzilin qiymətini artıraraq pulu verən imkanlı şəxsin hesabına yatırdığı 10 min manat evi ilkin ödənişsiz alanın ilk 40 ayda ödəyəcəyi aylıq məbləğlərin cəmidir. Qiymətli kağızın sahibi 40 ay hesabından bu vəsait üzrə faiz gəliri götürə bilməz. Əgər evi alan, tutaq ki, 6 min manat ilkin ödəniş edərsə, bu zaman 10 min manatın təmin olunmasına 4 min manat çatmır. Bu halda qiymətli kağızın sahibi 16 aydan sonra faizlərini ala bilər. Hər halda təcrübədə qeyd edilənlərin praktikada tətbiqi mənzil alqı-satqısında dinamikliyi yüksəltmək iqtidarındadır. Ekspertlər bununla yanaşı, mənzil bazarını genişləndirmək üçün digər mexanizmlərin də işə salınmasını vacib sayırlar. Bunlardan biri də barəsində uzun müddətdən bəri söhbət açılan sosial evlərin inşasıdır. Xatırladaq ki, belə evlərin sakinləri aylıq az miqdarda ödəniş edərək mənzil sahibi ola bilir. Bir çox Avropa ölkələrində, elə qardaş Türkiyədə də belə evlərdən geniş istifadə olunur.