Məlumat verildiyi kimi, bu günlərdə Nazirlər Kabineti "Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.
İndiyə qədər Azərbaycanda avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yolları, bələdiyyə avtomobil yolları, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunub. Dəyişikliyə əsasən, şəhər avtomobil yolları avtomobil yolları bu təsnifata əlavə edilib və şəhər avtomobil yollarının təsnifat göstəriciləri müəyyənləşib. Digər dəyişikliyə əsasən, ödənişli avtomobil yolları Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının təsnifat göstəricilərinə əlavə edilib.
Xatırladaq ki, uzun müddətdir Azərbaycanda ödənişli yollar məsələsi gündəmdədir. Lakin onun nə vaxt çəkiləcəyi hələ dəqiq bəlli deyil.
Ekspert Natiq Cəfərli yaxın tezlikdə bu istiqamətdə addım atıla biləcəyini istisna etmədi: "Bu yaxınlarda maraqlı bir qərar oldu. Nazirlər Kabinetinin registrinə ödənişli yollar anlayışı daxil edildi. Bu, o deməkdir ki, yaxın gələcəkdə ödənişli yollara keçid üçün müəyyən addımlar atıla bilər. Əslində bu, dünya praktikasında, xüsusən də Avropada çoxdan tətbiq olunmuş metoddur. Sadəcə, Azərbaycan üçün yeni avtobanların yaradılması uzun məsafəli məsələ olacaq. Çünki, pullu yollar çox zaman ödənişli yollar olur. Sürücüyə alternativ yol təqdim edilir. Bir şəhərdən digərinə getmək üçün pullu yolda yüksək sürətlə maşını idarə etmək olar. Burada ortalama sürət saatda 130 km olur. Ödənişsiz yolda isə məsafə daha uzaq və sürət də daha az olur. Ödənişli yolun ödənişsizdən fərqi də həm keyfiyyət əlaqədardır. Azərbaycan ərazi olaraq kiçik dövlətdir. Ona görə də bu günə kimi magistral yolların əksəriyyəti tikilib. Buna paralel ödənişli yolların çəkilişi uzun bir proses olacaq. Dövlət bu yükü üzərindən ata bilər. Tender elan etməklə xüsusi investisiyaları bu məsələyə cəlb etmək mümkündür. Bəzi dolanbac yolların yeni yollarla əvəz olunması üçün dövlətin iştirakı olmadan xüsusi kapitalın iştirakı ilə yeni yolların çəkilişi mümkündür. Məsələn, Şamaxıdan Qubaya getmək üçün gərək Bakıya qədər gəlib, sonradan Quba yoluna dönməliyik. Halbuki, ora Şamaxıdan çox yaxın məsafə var. Hər hansı bir şirkət bu istiqamətdə ödənişli yolların çəkilişini üzərinə götürüb investisiya qoyacaqsa, dövlət ona müəyyən dəstək verə bilər. Yəni, onu uzun müddət vergidən azad edə bilər. Aşağı faizlə kredit verilişini təmin edə bilər. Bu daha məntiqli olar, yolların daha keyfiyyətli tikilməsinə imkan yaranar. Avropada bir çox ödənişli yollar xüsusi, ya da bələdiyyə mülkiyyətindədir".
İqtisadi və
Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov belə bir məsələnin
reallaşmasını mükün saydı: "Yaxın zamanlarda ödənişli yolların
tətbiqi məsələsi mümkündür. Bakı şəhərində ödənişli yolların olması
arzuolunandır. Adətən iri şəhər və paytaxtlarda ödənişli yollar
olur. Şəhərlər arasında ödənişli yolların tətbiq edilməsi
məqsədəuyğundur. Bu addımın atılması imkan verəcək ki, həmin
istiqamətdə dövlət büdcəsinə daxil olmalar artsın. Eyni zamanda
proses tıxacların qarşısını müəyyən qədər almağa da imkan verəcək.
Çünki, ödəniş etmək imkanında olan vətəndaşlar pullu yollardan
istifadə edəcəklər ki, yolda tıxacla rastlaşmasınlar. Bu da ümumi
olaraq yollarda yüklənmənin aşağı düşməsinə gətirib çıxaracaq.
Bununla belə, əsas məsələ odur ki, ödənişli yollar daha çox
iqtisadi əhəmiyyət daşıyır. Praktik olaraq, bu imkan verir ki,
nəqliyyat sektoru inkişaf etsin, eləcə də dövlət büdcəsinə daxil
olmalar artsın".