Yol polisindən xəbərdarlıq
18 Fevral 2015 10:14 (UTC+04:00)
Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli
olmağa çağırıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin
ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, qarlı,
anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı
olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları
qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi
avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov
nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu
bildirib.
"Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət
intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq
sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə
uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb
olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və
ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna
çıxmamalıdırlar. Qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə
təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi
təkərlərin olması vacib şərtdir. Sürücülər əyləc sistemindən mümkün
qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə
hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək
olmalıdır", - deyə Vaqif Əsədov vurğulayıb.
Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə,
Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox
ehtiyatlı olmağı məsləhət bilir.
V.Əsədov onu da əlavə edib ki, mümkün qədər sürücülər şəxsi
avtomobillərindən az istifadə etsinlər. Mümkünsə ictimai
nəqliyyatdan istifadə etsinlər.
Qeyd edək ki, bu gündən etibarən respublika ərazisində hava şəraiti
dəyişib. Hidrometroloji proqnozlar bürosundan bildirilir ki, bu gün
fasilələrlə yağıntı müşahidə ediləcək.
"Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə
tədiricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta
saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında
dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə
isti müşahidə olunacaq", – deyə HPB-nun direktor müavini Gülşad
Məmmədova qeyd edib.
Ayın 17-i və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi
proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin
güclənəcəyi gözlənir.