Televiziya insana niyə yadlaşır?

18 Fevral 2015 10:51 (UTC+04:00)

Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana münasibəti necədir, necə olmalıdır? Çağımızın gərəkli ünsiyyət vasitəsi, insanlığı yüksəltməli olan televiziya təəssüf ki, əksinə çevrilir. İnsana təsir üsulları məharətli şəkildə həyata keçirilir. Bu da var ki, insanlar televiziya vasitəsilə dünyanı fiziki baxımdan görmək imkanı qazanırlar. Onillər öncə yaranmış televiziya mifi, cazibəsi, romantikası artıq yoxa çıxmaqdadır. İndi "internet romantikası", cazibəsi yaranıb. İnsan həyatı mənasızlaşır. Səbəbi insanın məna üstə, insanlıq üstə yaşamaması, düşünə bilməməsidir. Televiziya ömürlərə məna qatmır, mənasızlığı daha da artırır.

Radioda səs pünhanlığı, səs əsasında insana, insanlığa vurğunluq, yaşama tükənməz heyranlığı vardı. İndi bu əhval da azalıb. İnsanlıq yaşamda hökmlü olmadığından yaradıcılıq adiləşdi, həyata heyranlıq itdi. Dünyanın halındakı eyniləşmə artdı. İndi belə bir çağda dünyaya, həyata, insana heyranlığı kim yaratmalıdır? Özünün insanlıq imkanına yetənlər. Televiziyanı yaradan, idarə edən insandır, deməli, insanın ömrü, yaşamı nədirsə, televiziya-radioda da eləcə ifadəsini tapacaq.

Televiziya insanlığı təsdiq etməlidir. Sovet dövründə zorakı "təbii" ideallaşdırma vardı. Televiziyanın təqdim etdiyi nə varsa, adamlara sirli-sehrli gəlirdi. İndi dünyada minlərlə teleradio kanalları var. O şey ki, çoxdur, çox danışılır, ömürləşmir, adiləşmə baş verir. İndi televiziya dünyada olmayan şeylər haqqında daha çox danışır, adamlar uydurulana inandırılırlar. Sonucda isə həyat adiləşir. Adamlar televiziyada gördükləri mənasız həyat dramatizmini həyatlarında tətbiq etməyə çalışırlar. İnsana inamsızlıq belədə alışır. Bu gün televiziya inamın daha çox ifadə olunan ünvanı olmalıydı, ancaq tam əksinədir.

Dünyada televiziya mərhələsi başlayandan sonra insanlararası doğmalıq artmaq yerinə azaldı. Bu gün fərdi şəkildə televiziyaya, internetə baxış artıb. Belədə fərdin özü itməyə, itirilməyə doğru gedir. İndi hər şeydən göstərən televiziya insanın daxili dünyasına demək olar, varmır, varanda da üzdən yanaşır, mahiyyətcə heç bir problemini həll etmir. İndi adamlar mənəviyyat konusunda danışanda da əyləncəviliyə köklənirlər. İnsanlar insanlığın, ruhunun soraqçısı olanda problem həllini tapacaq.

Hər şeyi göstərən televiziyanın insanlığa laqeyd olmaması gərək. Ulusal-bəşəri dəyərlərin adi sırada olmaması gərək. Televiziyanın ölçüsü cəmiyyətçilikdir. Cəmiyyətçilik də mütləq xeyir ölçüsüylə yaşamır. Televiziya insani cəhətlər haqqında danışır, ancaq onu gerçəkləşdirməyi, ömürləşdirməyi düşünmür. Bu gün bütün dünyada televiziya daha çox sözçülüklə məşğuldur. Əslində bu gün televiziya yaşanmayan, ancaq haqqında çox danışılan, naşı duyğuların ünvanıdır. Adamlar həyatdakı naşı yaşamlarının davamını, inkişafını teleşoularda görürlər. Deməli, televiziya daha çox antiinsani əhvalların nümayiş mərkəzi olur, zövqlər korşalır, insandakı şər duyğuları alışdırır, adamları xəstələndirir...