Ukrayna qoşunları mühasirədə olan Debaltsevodan geri çəkilməyə başlayıb

18 Fevral 2015 13:10 (UTC+04:00)

Ukrayna Ali Radasının üzvü, "Donbass" batalyonunun komandiri Semyon Semyonçenko Ukrayna qüvvələrinin mühasirə şəraitindəki Debaltsevo şəhərindən geri çəkilməyə başladığını bildirib.


Movqe.az-ın xəbərinə görə, S. Semyonçenko özünün "Facebook" səhifəsində qoşunların planlı və təşkil olunmuş şəkildə geri çəkilməyə başladığını yazıb.


Batalyon komandiri qoşunların hərəkət etdiyi Debaltsevo-Artyomovsk yolunda yerləşən kəndlərdən birinin (Loqvinovo) separatçıların nəzarətində olduğunu bildirib: "Loqvinovo onların əlində olduğu üçün Debaltsevo-Artyomovsk yoluna tam nəzarət edə bilmirik. Yolun digər hissələri bizim nəzarətimizdədir. Düşmən bu yolları da kəsməyə və bizim qruplaşmanın çıxmasına mane olmağa çalışır. Bizim artilleriya düşmənin toplaşmasına imkan verməmək üçün onlara zərbələr endirir. Terrorçuların hücumlarını dəf edərək həyat yolunu əlimizdə saxlayırıq. "Qrad"lar, "Uraqan"lar, qaubitsalar, tanklar, minaatanlar işləyir. Ümumən, çox istidir".


Ukrayna qoşunlarının çəkilməyə başlamasını jurnalist Andrey Tsaplienko da təsdiqləyib.


Qeyd edək ki, Debaltsevo şəhəri ötən ilin sentyabrında atəşkəs sazişi imzalanandan bəri yarımmühasirə şəraitində olub. Bu ilin yanvarında hərbi əməliyyatlar bərpa olunduqdan sonra separatçılar şəhərin Donbassın Ukraynanın nəzarətindəki digər hissəsi ilə əlaqəsini təmin edən yeganə yolu kəsmək və Ukrayna qüvvələrini tam mühasirəyə almaq üçün arasıkəsilməz hücumlar ediblər. Fevralın 17-də onlar Debaltsevo şəhərinə daxil olublar. Debaltsevo və ətrafında davam edən qanlı döyüşlərdə hər iki tərəfdən yüzlərlə ölən və yaralanan var.