Torpaqların məhsuldarlığı ilə bağlı həyəcan təbili çalınır

3 Avqust 2012 18:18 (UTC+04:00)

Məlumdur ki, ölkəmizdə istehsal olunan taxılın heç də hamısının keyfiyyəti yüksək səviyyədə deyil. Xüsusən də ərzaq buğdasının müəyyən hissəsinin keyfiyyəti aşağı olduğundan un istehsalı üçün idxal buğdasından istifadə olunur. Bu fonda ekspertlər yerli məhsuldarlığın artırılması üçün müxtəlif fikirlər səsləndirir. Belə fikirlər də səslənir ki, buğda və taxıl istehsalı ilə məşğul olan fermerlərə dövlət tərəfindən yüksək keyfiyyətli toxumlar verilməli, istehsal prosesi sonadək dövlət nəzarətində saxlanmalıdır. Bu fonda idxaldan olan asılılığa tam soyula biləcəyi vurğulanır.

Amma kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, bu gün taxıl istehsalında problem yalnız toxumçuluqda deyil: "Əsas problem arqotexnikanın müasir tələblərə uyğun aparılmamasındadır. Bu gün əsasən yalnış, primitiv texnologiyadan istifadə edilir. Torpaq dərin şumlanmamalıdır. Dərin şumlamada torpağın strukturu pozulur. Dərin şumlama aparılanda torpağın alt hissəsi üstə çıxır, üst hissəsi də alta çevrilir. Bu da torpaqda olan faydalı mikroorqanizmlərin aerob və anaerob bakteriyaların normal fəaliyyətinin pozulmasına səbəb olur. Nəticədə torpağın münbitliyi pozulur. Belə olan halda torpaqda mövcud olan mineral maddələr bitki tərəfindən mənimsənilmir. Burada digər səbəb torpağın strukturunun pozulması nəticəsində bitkinin kökünün həm sudan, həm də havaalmadan məhrum olmasıdır. Yəni, torpağın üst qatında olan hümus alt hissəsinə çevrilir. Hümus qatı məhz torpağın üst hissəsində olaraq bitkinin inkişafı üçün əhəmiyyətli rol oynayır. Ona görə də dənli bitkilərin toxum səpinini həyata keçirmək üçün torpaq kultivatotla qaldırılaraq toxum verilir. Bu halda bitkinin kökü normal qidalana bilir".

Ekspertin sözlərinə görə, müxtəlif mütəxəssislərin təkliflərindən daha çox, aqrar sahədə islahat aparmağa ehtiyac var: "Çünki, uzun illərdi bu sahəyə diqqət azalıb. Ona görə də məhsuldarlıq da azalıb. Bizdə artıq torpaq münbitliyini itirib. Torpaqlarda deqradasiya prosesi baş verib. Statistikanın verdiyi məlumata görə, deqradasiya suvarlanan sahədə 47, dağ ərazisində 45 faizdir. Amma mən bildirim ki, bizdə deqradasiya uğramış torpaqlar 90 faizə çatıb. Bu da o deməkdir ki, sovet vaxtından tətbiq olunan yalnış texnologiya indi də tətbiq edilməkdədir. Bu proses mütləq şəkildə ona gətirib çıxaracaq ki, bir zaman biz torpaqların ümumiyyətlə ölü olduğunun şahidi olacağıq. Yəni, torpağın məhsuldarlığı tam əldən gedə bilər. O torpaqdan da nəsə əldə etmək mümkün olmayacaq. Amma təəssüflər ki, bu gün də bizim fermerlər o yanlış istiqaməti tutub gedirlər. Dəfələrlə deyirik ki, ölkəyə zamanı keçmiş kotanları gətirmək lazım deyil. Artıq kotanlardan sivil əkinçiliklə məşğul olan Avropa, dünya ölkələrinin əksəriyyəti istifadə etmir. Onlar kultovatordan, xüsusi texnologiyalara uyğun olaraq istifadə edirlər ki, bu da torpağın hümus qatını, münbitliyini qoruyur. Həm də burada torpaqda əmələgəlmə prosesi normal gedir. Əsas o prosesə mane olunmamalıdır. Bu, həm məhsuldalığa, həm də istehsal zamanı resusrlara ciddi qənaət edəcək. Bu, hətta məhsuldarlığı 2-3 dəfə artırır. Bizdə olan məlumata görə, bizdə hər il məhsuldarlıq azalır. Təəssüflər olsun ki, bunun qarşısını almaq üçün tədbirlər görülmür. Ona görə də məhsuldarlığın artmasını toxumla əlaqələndirmək düzgün deyil".

Vahid Məhərrəmov qeyd etdi ki, tələbatı yerli istehsal hesabına ödəmək üçün mütərəqqi aqrotexnikadan istifadə olunmalıdır: "Daha müasir texnika gətirmək lazımdır ki, o tenika məhz həmin texnologiya ilə əkin, səpin və yığım işləri aparmağa, keyfiyyətli məhsul əldə etməyə imkan versin. Həmin texnikanı gətirməklə yanaşı, onu daxildə də istehsal etmək olar. Bu problem deyil. Çünki, bizim kifayət qədər maliyyə resusrlarımız var. Məhsuldarlığın az olmasının digər səbəbi su ilə bağlıdır. Bizdə hələ də "selləmə-suvarma" üsulunun geniş istifadəsinə rast gəlmək olur. Amma bu "selləmə-suvarma" torpağın hümus qatını, münbit hissəsini, bitki üçün qida olan hissəsini yuyub aparır. Həm də torpağın şoranlaşmasına səbəb olur. Bu həm də torpaqda olan mineral maddələri torpağın alt hissəsinə çökdürür və bitki üçün əl çatmaz edir. Ona görə də məhsuldarlıq azalır. Odur ki, "selləmə-suvarma" prosesini dayandırmaq lazımdır. Dünyda tətbiq edilən "yağış yağdırma", "damcı suvarma" üsullarından istifadə etməklə yaxşı nəticələr əldə etmək olar. Buna da bizim potensialımız var. Bundan başqa bütün hallarda biçin vaxtı zəmilərdə taxılın içərisində hələ yetişməmiş dən qarışığı, yaşıl bitkilərin qırıntıları olur ki, kondisiyaya çatdırılmaması ucbatından hazır taxıl üst-üstə yığılanda onlarda qızışma prosesi baş verir. Onda da kaqulyasiya prosesinin başlamasına gətirib çıxarır. Bundan sonra da həmin taxıldan yem kimi istifadə etmək mümkün deyil. Çünki, kaqulyasiya prosesi zamanı buğda qida keyfiyyətini itirir. Bunun da qarşısını almaq üçün zernotoklar tikmək lazımdır ki, həmin taxıl orada qurudula, kondisiyaya çatdırıla bilsin. Ona görə hər kəsin verdiyi tək-tək fikirlərdənsə, bu işə kompleks yanaşılma lazımdır".